Sosial

Gələn il pensiya və maaşlar nə qədər artacaq?

2023-cü ildə müavinətlər və pensiyalar artırılacaq. JAMAZ.İNFO xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur: “2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir”.

Maliyyə naziri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir: “Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur. Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur”.

Samir Şərifov, həmçinin vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb: “2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur. Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq”.

Nazirin sözlərinə görə, 2023-cü ildə müavinətlərin, pensiyaların artırılması üçün 2 milyard 598 milyon manat nəzərdə tutulur: “Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq”.

Bundan başqa orta aylıq əmək haqqının artırılması da nəzərədə tutulub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, bu ilin sonuna qədər Azərbaycanda orta aylıq əmək haqqının 800 AZN, 2023-cü ildə 898 manat olması planlaşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button