Siyasət

Rasmussenin dili niyə uzanıb?

“Cənubi Qafqaza giriş kartı almağı Ermənistanı militarlaşdırmaqda görmək axmaqlıqdır.
Anders Foq Rasmussen! Bu ad, güman edirəm kimsəyə yad deyil və biz bu adamı hələ NATO-nın keçmiş baş katibi olduğu zamandan tanıyırıq”. JAMAZ.info xəbər verir ki, bu barədə  Azərbaycan Yüksəliş Partiyası Başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi deyib.

Partiya yetkilisi əlavə edib ki, NATO dünyanın ən qüdrətli hərbi-siyasi blokudur və buna heç kimin şübhəsi yoxdur. Azərbaycanın hərbi-siyasi müttəfiqi Türkiyə Cümhuriyyətinin NATO üzvü olduğunu və  blokun ən qüdrətli ikinci ordusuna sahib olduğuna xatırladaraq bildirib ki, şübhəsiz, kifayət qədər ciddi bir quruma vaxtilə rəhbərlik etmiş şəxsin elə indi də kifayət qədər nüfuzu və təsir imkanları var: “Dünyanın gəldisindən-
getdisindən xəbəri olanlar bilir ki, bu ranqda adamların iş yeri hər nə qədər həmin postu tutmasa da, keçmiş zamanla assosiasiya edilmir, uzağı kabineti əlindən alınır, adam özü isə həmişə “iş başındadı”.

Ermənilər, Azərbaycanın suveren ərazisi və beynəlxalq hüquqla da üzərində müstəsna hüquqları olan Laçın yolunun “blokadada” olduğu iddiasını sübut etmək üçün, indi də avropalıları Ermənistan tərəfdən şərti sərhəd xəttindəki yolun başlandığı yerə aparır. ABŞ səfiri Kristina Kvindən sonra, İrəvanda səfərdə olan NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin də bölgəyə səfəri təşkil edilib. Görünən odur ki, ermənilər Rasmussenə nə yedirib nə içizdiriblərsə, adam ağzını Allah yolunda qoyaraq, Azərbaycana qarşı xeyli sayda sərsəm açıqlamalar verib, hətta hədələyib!
Adam bütün diplomatok nəzakət qaydalarını pozaraq, sülh danışıqlarına zərər verə biləcəyini düşünmədən, bir növ, tərəf tutmaqla bildirib ki, Avropa İttifaqı Azərbaycanı Laçınla bağlı blokadanı aradan qaldırmağa məcbur etməlidir. Əgər belə olmazsa, guya ermənilər humanitar fəlakət riski ilə üzləşəcəkmiş. Halbuki hər kəsə gün kimi aydındır ki, Laçın yolunda humanitar dəhliz açıqdır və mülki təyinatlı yüklərin hərəkətində hər hansısa məhdudiyyət yoxdur. Yolda yoxlamalar və məhdudiyyətlər yalnız hərbi təyinatlı yüklərin daşınmasından ötrüdür. Bunun üçünsə bizim beynəlxalq ictimaiyyətə, əgər eşitmək və qəbul etmək istəsələr, əsaslandırmağa xeyli izahatımız var. Bu yaxınlarda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi kimi Bakıya təşrif buyurmuş Toivo Klaar da dedi ki, Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə yolverilməzdir və bu məsələnin şəffaf bir yolu tapılmalıdır.
Yəqin Rasmussen qəzet-filan oxumur, yaşlaşıb nədir, bilmirəm, deyəsən unudub ki, Azərbaycan müstəqil, suveren bir ölkədir, dağ başı, yaxud əyalət deyil, rəsmi Bakı ilə bu üslubda, bu tərzdə danışa bilməz! Haqqında danışdığı ərazi isə beynəlxalq hüquqla, elə onun da vaxtilə baş katibi olduğu NATO-nun bütün müvafiq sənədlərində ərazi bütövlüyünü tanıdığı Azərbaycana məxsus ərazidir. Rasmussen bilməmiş deyil ki, hər bir ölkə öz suveren əraziləri barədə özü sərəncam, özü qərar verir, özü bilər yolu bağlayar, yaxud açar, hansısa təşkilatın məcburiyyəti, hədə-qorxuları ilə olmur bu işlər. Yəqin bunu da bilməmiş deyil ki, heç bir müstəqil dövlət öz sərhədləri daxilndə baş qaldırmış silahlı separatizmə dözə bilməz, eləcə də Azərbaycan. Hamımız çox yaxşı bilirik ki, bu gün ən çox separatçı bölgələr məhz elə Avropanın özündədir. Təkcə Fransada on ikidən yuxarı separat ərazi var, görəsən niyə bu xalqların taleyi NATO-nu narahat eləmir?!
NATO-nun köhnəlmiş şefi Rasmussen, bu azmış kimi, bir az da irəli gedərək daha bir sərsəm təklif verib. O deyib ki, Avropa İttifaqı Ukraynaya olduğu kimi, Qərbin silahlarını alması üçün, xüsusi fondlardan Ermənistana da maddi yardım etməlidir”.

“Buradan belə bir qənaət formalaşır ki, heç də özbaşına Ermənistana gəlməyən Anders Foq Rasmussen Qərbin bölgə ilə bağlı növbəti mərhələdə nəyi planlaşdırdığının, bir növ, siqnallarını ötürür. İrəvanı hansı ölkə və ya ölkələrə qarşı Qərb silahları ilə silahlandırmaq istəyirlər? Dünənə qədər Azərbaycana qarşı istifadə etməsi üçün Rusiya tərəfdən müxtəlif yardım paketləri altında havayı silah əldə edən Ermənistanı indi də, Ukrayna savaşında “ilhamlanan” Avropanın silahlandırması nə anlama gəlir? Belə çıxır ki, Qərb sözdə və sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanısa da, Qarabağda qalmış bir ovuc erməni azlıq üçün hər hansı əlahiddə haqq-hüquq əldə etməkdən ötrü bölgədə qanlı savaşdan yanadır? Yox, əgər elə zənn edirlər ki, bu ritorika və üslubla, hədə-qorxu gəlməklə Azərbaycandan ermənilər üçün “status” qoparacaqlar, yanılırlar. Ya da, ola bilsin, daha uzaq hədəfləri var, məsələn, sabah regionun ikinci bir türk dövləti qardaş Türkiyəyə qarşı Ermənistan üzərindən hərbi müdaxilələr barədə düşünürlər.
Hər zaman demişik, indi də təkrar etməkdən çəkinmirik ki, sırf ermənilərlə bağlı, Qarabağdakı hərbi-siyasi vəziyyətlə bağlı məsələlərdə Brüssel və Kreml bir-birinin ayağını tapdalamır, əksinə, müəyyən fazalarda, hətta birlikdə hərəkət edirlər. Son 30 ildə biz bunu müşahidə elədik. Bu mənada, Azərbaycanın daxilində ermənilərə muxtariyyət vermək üçün Qərbin Rasmussenin diliylə Ermənistanı Qərb silahları ilə silahlandırmaq çağırışı etməsi təsadüf ola bilməz. Bu ranqda adamlar heç bir sözü təsadüf və ya kimlərəsə xoş gəlmək üçün demir. Blef deyil. Məncə, istər Azərbaycan dövləti, istərsə də cəmiyyətimiz bu məsələni diqqətdə saxlamalı, lazımi cavablar özünü gözlətməməlidir.
İşin ən pisi tərəfi odur ki, Gürcüstanda və Ukraynada şimal qonşumuz Rusiyanı separatizmi dəstəkləməkdə ittiham edib ona qarşı böyük bir cəbhə açan, ağlasığmaz öldürücü sanksiya və embarqolarla rəsmi Kremli küncə sıxan Qərb, Azərbaycana gələndə bu incə həssasiyyəti unudur, əvəzində ölkəmizdəki separatizmə hərbi-siyasi, geosiyasi maraqlarından irəli gələrək münasibət sərgiləyir, guya “xalqların öz müqəddaratını təyin etmə” haqqı var imiş! Bu mövqedə açıq-aşkar xristian təəssübkeşliyi var desək, yalan olmaz. Əlbəttə, duyğusallıq edib avropalılarla riyakar olub-olmamaları mübahisəsini aparacaq deyilik, sadəcə, dövlət olaraq artıq lazımi qərarları və addımları gecikdirməməklə, hər kəsə həddini göstərməliyik. Türkiyə ilə hərbi-siyasi, strəreji əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi tədricən işə düşməlidir. Qarabağda Türkiyənin hərbi bazalarının qurulması planı sürətləndirilməlidir.
Digər tərəfdən diplomatiyada hücum strategiyasına üstünlük verilməlidir. Bütün istiqamətlərdə və bütün cəbhələrdə Rusiyanın pis tərəfdaş olduğunu göstərməyə çalışan Qərb siyasi institutları, siyasiləri özlərini Rusiya və Putin isteblişmentinin şovinist, imperialist siyasətçiləri kimi aparmağa son qoymalıdır. Azərbaycanı qıcıqlandırmaq, onun qırmızı xətlərini keçməklə bölgədə söz sahibi olmaq istəyənlər xam xəyallara düşməsinlər. Qərbdəkilər anlamalıdır ki, bura bizim coğrafiyamızdır və 2020-ci ildə tarixi Qarabağ Zəfərindən sonra yaratdığımız yeni geosiyasi reallıqlar və şərtlər fonunda Ermənistan və ermənilər üzərindən Cənubi Qafqazda möhkəmlənmək cəhdləri siyasi axmaqlıqdır. Hələ bu cəhdləri Ermənistanı silahlandırmaqla, militarlaşdırmaqla etmək fikirləri ağılsızlıq, sərsəmlikdir.
Ukraynada və Gürcüstanda baş qaldırmış separatizmə görə Rusiya ilə savaşmağı, hərbi-siyasi resurslarını xərcləməyi strateji seçiminə çevirən ABŞ-ın, Avropanın, NATO-nun, eyni separatizmdən illərdir əziyyət çəkən Azərbaycana Rasmussenin dililə diş qıcaması, Ermənistana və ermənilərə dəstək verməsi ciddi suallar doğurur. Ya, görünür, biz Azərbaycan dövlətini Cənubi Qafqazın ən önəmli, həmçinin daha əhəmiyyətli ölkəsi kimi Avroatlantik məkana, Qərbə qəbul etdirə bilmirik, ya da, bütövlükdə Qərb, ortada olan riyakar davranışla türk toplumları ilə apardığı patoloji tarixi düşmənçiliyi bizimlə də davam etdirir. Sadəcə, burada yenə cinayət aləti kimi Ermənistan və ermənilər rol alıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button