Siyasət

İrəvan və Tehranın hərbi təxribatı – “Ciddi nəticələrə qatlaşmalı olacaqlar”

Son günlər mediada Ermənistanın Azərbaycana qarşı hərbi təxribat həyata keçirməyi planlaşdırdığıa barədə məlumatlar yayılıb.
Təxribatın həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 nəfərlik diversiya qrupunun iştirak edəcəyi də bildirilir. Məlumata görə, hazırda diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin yaxınlığında, Sünik rayonunda yerləşdirilib. Burada Ermənistan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Xidmətinin təxribata hazırlıq işləri apardığı bildirilir.
Jamaz.info xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, SEPAH Azərbaycana qarşı fəaliyyətlərə başlayıb:
“Bu, bir daha onu göstərir ki, İran Azərbaycan-Ermənistan sərhəddinə qoşun yerləşdirmək üçün müəyyən bəhanələr axtarır. Bu bəhanələri əldə etmək üçün Ermənistanla əməkdaşlıq edir”.
Ə.Verdiyev qeyd edib ki, Ermənistan bizim üçün birmənalı olaraq düşmən ölkədir:
“İran isə son Vətən müharibəsinə qədər düşmənçilik siyasətini gizli şəkildə davam etdirirdi. Birinci Qarabağ müharibəsindən bu günə qədər İran Azərbaycana qarşı fəaliyyətlərində daim Ermənistanın yanında olub. Odur ki, bu gün baş verən proseslər bizi təəccübləndirmir. Bundna əvvəl SEPAH-ın 27 nəfərlik diversiya qrupun Qarabağa daxil olmasına dair foto və video materiallar da mətbuatda dərc olunmuşdu. Ancaq biz belə təxribatlara cavab verməyə hazırıq. Azərbaycan ordusunun bugünki imkan və potensialı istənilən təxribatı ən qısa müddətdə və layiqli şəkildə cavablandırmağa imkan verir”.
Hərbi ekspert bildirib ki, istənilən kiçik təxribat Ermənistanın canlı qüvvə, şəxsi heyət, texnika və ərazi itkisi ilə müşayiət olunacaq:
“Ermənistan və onu dəstəkləyən istənilən ölkə, o cümlədən İran Azərbaycana qarşı təxribatlara yol vermək niyyətinə düşərsə, bu, onlar üçün çox ağrılı nəticələrə gətirib çıxaracaq. İrəvan keçən ilin sentyabrında törətdiyi təxribatlardan daha ciddi nəticələrə qatlaşmalı olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button