Siyasət

Ermənistana qarşı başladılan arbitraj prosesinin detalları

27 fevral 2023-cü il tarixində Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb.

Bu mövzuda Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizi 30 ilə yaxın qanunsuz işğal etdiyi dövrdə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib.

Bəs sözügedən proses hansı hüquqi prosedurlardan ibarətdir?

Jamaz.info xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan beynəlxalq hüquq üzrə professor, hüquqşünas Fərhad Mehdiyev bildirib ki, Enerji Xartiyasına həm Azərbaycan, həm də Ermənistan tərəfdir:

“Xartiya hər hansı dövlətin digərinin enerji resurslarını qanunsuz istifadəsinə qadağa qoyur. Onun 27-ci maddəsi bu mübahisələrin necə irəli sürüləcəyini tənzimləyir. Tərəflərdən biri digərinə öz təqdimatını diplomatik kanallar vasitəsilə çatdırmalıdır. Konvensiyanın 27-ci maddəsinin ikinci bəndinə görə, tərəflərdən birinin təşəbbüsü ilə  “Ad hoc” (latınca “məqsədəmüvafiq” mənasına gələn hüquq terminidir. Bir problem üçün müvəqqəti həll yolunu təsvir etmək üçün istifadə olunur. Məsələn, müvəqqəti olaraq yaradılan məhkəmələr və ya tədqiqat istintaq komissiyaları “ad hoc” komitələrdir. red.) arbitiraj məhkəməsi qurula bilir. Bu, tərəflər arasındakı mübahisə ağlabatan müddətdə həll edilmədikdə baş verir. Daha sonra maddi arbitiraj məhkəməsi də qurula bilər. Bu məhkəmənin necə qurulacağını, kimlərdən ibarət olacağını, məsələyə necə baxılacağını Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL – Komissiya BMT-nin beynəlxalq ticarət hüququ sahəsində əsas orqanıdır. 1 yanvar 1968-ci ildən fəaliyyət göstərir. Qurum beynəlxalq ticarətdəki maneələrin azaldılması və aradan qaldırılmasında aktiv rol oynayır – red.) tənzimləyir”.

Onun sözlərinə görə, belə iddianın qaldırılması mümkündür: “Bu məsələyə baxılacaq. Azərbaycanın azad etdiyi ərazilərdə, xüsusilə su elektrik stansiyalarının dağıdılması ilə bağlı faktlar və sübutlar var. Nə qədər enerji mənbəyinin icazəsiz istismar edildiyini, satıldığını Azərbaycan qeyd edəcək. Ümumilikdə arbitiraj prosesi azı bir-iki il çəkəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button