Siyasət

Bir səsvermədən yayınmanın izi ilə..

Moskva Bəyannaməsi ondan öncə imzalanan Şuşa Bəyannaməsindən üstün saziş oldu?

Dünən BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, qondarma referendumları pisləyən və Rusiyanı Ukraynadan çıxmağa çağıran qətnamə səsə qoyulub. 143 ölkə qətnamənin lehinə, 35-i bitərəf, 4 ölkə əleyhinə səs verib. Hərbi-siyasi müttəfiqimiz Türkiyə sənədin lehinə səs verib. Azərbaycan isə yenə səsvermədə iştirakdan yayınıb.

Maraqlıdır ki, 2014-cü ildə Krımın anneksiyası ilə bağlı BMT səsverməsində Azərbaycan iştirak etmiş və Ukraynanın lehinə səs vermişdi.

İndi qəfil nə dəyişdi ki, hətta xarici siyasətdə bütün işləri koordinasiya elədiyimiz qardaş Türkiyənin olduğu sırada deyilik. Ərazi bütövluyü və suverenliyi hələ də tam olmayan, hələ də suveren ərazilərində işğalçı ölkənin hərbi qoşunları və mandatı ratifikasiya edilməyən bir ölkənin ordu hissələrinin qaldığı bir vaxtda Azərbaycan nümayəndə heyətinin dövlətçilik üçün kifayət qədər fundamental və prinsipial məsələdə nümayişkəranə boykot qərarı verməsi bir tərəfdən anlaşılmayan haldırsa, digər tərəfdən biabırçılıqdır, diplomatik fiaskodur.

Əlbəttə, biz də qəbul edirik ki, diplomatiyada, bu kimi məsələlərdə səsvermədən yayınmağın özü də bir manevrdir, siyasi mövqedir. Tamam da, ancaq sırf ərazi bütövlüyü və işğalçıların suveren ərazilərdən çıxarılması prinsipinin səsə qoyulduğu prosesdə tərəddüd etməyin çox ciddi səbəbləri olmalıdır. Belə çıxır ki, Azərbaycan dövləti hələ də Rusiyanın təzyiqlərindən aşırı dərəcədə ehtiyat edir və əslində, bu ilin əvvəlində Kremllə bağlanan müttəfiqlik qarşılıqlı fəaliyyətə dair saziş Azərbaycana xarici siyasətini müstəqil surətdə müəyyənləşdirməsinə əngəllər yaradır. İşin ən pis tərəfi isə, bu sazişdən aylar öncə Türkiyə ilə bağlanan 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsinin, hadisələrin indiki gedişatı fonunda, cəmiyyətdə haqlı olaraq heç bir əhəmiyyəti və təsir gücü qalmayan formal bir sənəd olması təəssüratını yaratmasıdır. Bu, təhlükəli tendensiyadır və çox təəssüf ki, Azərbaycanın milli və strateji maraqlarına, hədəflərinə böyük ölçüdə kölgə sala biləcək bir hala çevrilməkdədir.

Çünki 2020-ci ildə tarixi zəfərlə bitən İkinci Qarabağ Müharibəsi ilə bağlı cəmiyyətdə gedən qızğın müzakirələrin bir ana mövzusu da bu idi ki, Azərbaycan dövləti istər döyüş meydanında, istərsə də diplomatiya masasında qardaş Türkiyə dövləti ilə birlikdə addımlayır, bütün məsələləri hərtərəfli, çoxşaxəli koordinasiya edirlər. Şuşa Bəyannaməsində bununla bağlı ayrıca bir paraqraf da var. Bu arqumentin ölkənin ictimai-siyasi fikrinə hakim olmasında biz də maraqlıyıq ona görə ki, son 200 ildə Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin və faciələrin ən böyük səbəbkarının Rusiyanın imperialist və şovinist, o cümlədən qonşularına qarşı ekspansionist siyasətinin olduğuna əminik və buna inanırıq. Həm də bunu dönə-dönə vurğulayırdıq ki, son proseslər fonunda Türkiyə ilə birgə addımlayan Azərbaycanın Rusiya ilə də ehtiyatlı və məsafəli siyasi xətt tutmasında başlıca səbəb, Qarabağda hələ də yarımçıq işlərimizin qalması, rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi, hələ də yuridiksiyamızın işləmədiyi ərazilərdə erməni separatizminin qalıqlarının at oynatmasının ölkəmizə yarada biləcəyi yeni təhdidlərlə bağlıdır. Bu planda Azərbaycan dövlətinin yürütdüyü siyasi xətti əks arqumentlərdən (Rusiya Qarabağı bizdən qoparıb; Rəsmi Bakı Moskvanın dediyi ilə oturub-durur; Əliyev keçmiş “Dağlıq Qarabağ” ərazisini ruslara bağışlayıb; Rusiyanın icazəsi olmasaydı Əliyev Qarabağın ətrafındakı rayonları işğaldan azad edə bilməzdi və s.) müdafiə etməyi milli maraqlarımız baxımından doğru hesab etmişik. Dəfələrlə vurğulamışıq ki, ölkənin daxili ictimai-siyasi münasibətlərində dərin problemlər var, dövlət idarəetmə mexanizmlərinin effektivsizliyi göz qabağındadır, həyatın bütün zəruri sahələrində xirtdəyə qədər sıxıntılar var, əhalimiz getdikcə daha çox kasıblaşır, yoxsullaşır, idarəetmə sistemi bərbaddır, hüquq-məhkəmə sistemi müstəqil deyil, düz işləmir, daha çox icra aparatından asılı vəziyyətə düşüb, bir çox mühüm qanunvericilik aktları mütərəqqi beynəlxalq hüquq standartlarından uzaqdır, azad seçki yoxdur, demokratiya, media azadlığı məhdudlaşdırılır və s. Bütün bunlar siyasi hakimiyyəti tənqid etmək üçün bizə bol material verir. Ancaq xarici siyasət və düşmənlə mübarizədə bu mövzulardan doğan kin və küdurətin iqtidarı tənqid etmək üçün əlavə səbəblər yaratmamalı olduğu xəttini müdafiə etmişik, bunun milli və strateji maraqlarımıza uyğun gəlmədiyini vurğulamışıq. Sırf dövlətin təhlükəsizliyi, düşmənlə mübarizədə daha çox həmrəy ola biləcəyimiz halda, dosta və düşmənə yanlış görüntü verməməyin tərəfdarı olmuşuq. Dövlətin xarici siyasət idarəsinin, ən çox da hərbi-siyasi ittifaqı özündə ifadə edən Şuşa Bəyannaməsi ilə ölkənin təhlükəsizlik zəmanətinə çevrilən qardaş Türkiyə ilə apardığı xarici siyasət kursunu yüksək qiymətləndirmişik.

İndi haqlı və əsaslı sual ortaya çıxır ki, qəfil nə dəyişdi də, Azərbaycan ərazi bütövlüyü və işğalçının suveren ərazilərdən çıxarılması kimi ən vacib məsələnin səsverməsində Ankara ilə birgə yürütdüyü kursu dəyişdi?! Krımın anneksiyası ilə bağlı səsvermədə iştirak edib lehinə səs verən rəsmi Bakı, nə oldu ki, bütövlükdə Ukraynanın ərazi bütövlüyü, suverenliyi, Rusiya ordusunun onun ərazilərindən çıxarılmasına dair səsvermədən yayındı?! Hələ də Qarabağda beynəlxalq havadarlarının köməyi ilə erməni separatizminin “çiçək açması” kimi bir təhdidin altında əzilən Azərbaycan üçün eynən Donbassda bu oxşar separatizmdən əziyyət çəkən Ukraynaya beynəlxalq miqyasda dəstək verə bilməməyimiz, bundan yayınmağımız gerçəkdən dərin təəssüf və haqlı suallar doğurur. Azərbaycan üçün Krımın işğalı ilə Donbassın və digər saxta referendumlarla anneksiya edilmiş ərazilərin nə kimi bir fərqi yaranıb? Bəlkə səsvermənin mətninə salınmış “Rusiya ordusunun qeyd-şərtsiz Ukraynanın suveren ərazilərindən çıxarılması” maddəsinin yaradacağı presedent rəsmi Bakını qorxuya salıb? Hər bir halda, fərqli davranışla bağlı Azərbaycanın xarici siyasətinə məsul olan qurumlar və şəxslər ölkə ictimaiyyətinə mütləq açıqlama verməyə borcludurlar. Dövlət ictimai təsisatdır və xalqın, cəmiyyətin baş verənlərdən xəbəri olmalıdır. Bu kimi prinsipial məsələlərdə qətiyyətsizlik və qorxaqlıq heç vaxt heç kim tərəfindən unudulmur və bunun gələcəkdə ölkəmizə yarada biləcəyi problemlər, əngəllər, maneələr növbəti nəsillərə miras kimi buraxılmamalıdır.

Bəli, biz də 2020-ci ildə müharibənin qəfil, bir gecədə dayandırılaraq işğaldan azadetmə prosesinin yarımçıq saxlanmasını, bu azmış kimi, Rusiya Federasiyasının sülhməramlı hərbi kontingentinin guya təkbaşına “sülh yaradacaqmış” kimi Azərbaycana soxulmasını yanlış hesab etmişdik, hətta bunu ölkəmizin suverenliyinin məhdudlaşdırılması, ərazi bütövlüyümüzə böyük təhdid kimi qiymətləndirmişdik. Buna görə bir çox dairələrin tənqidi ilə də üzləşmişdik ki, bəs siz doğru yanaşmırsız, Azərbaycan hələ ki, prosesin gələ bildiyi bu yerinə qədər nəyə nail olubsa, şükr edək, baxaq görək sonra nə necə olacaq. Türkiyənin Birgə Monitorinq Mərkəzi fotmatında prosesin içində olması, ardınca çox istiqamətləri özündə ehtiva edən Şuşa Bəyannaməsinin imzalanması bizdə o qənaəti möhkəmləndirdi ki, rəsmi Bakı tədricən respublikanın mövcudluğunu və xarici siyasət, xarici kəşfiyyat məsələlərini rəsmi Ankara ilə koordinasiya edəcək.

Ancaq daha sonra, xüsusilə Ukrayna ilə savaşa başlamamışdan bir neçə gün əvvəl Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması vəziyyəti dəyişdirdi. Belə bir sənədin qəfil ortaya çıxmasının gələcəkdə Azərbaycana xarici siyasət kursunun müəyyənləşməsində, hətta iqtisadi siyasətin aparılmasında ciddi əngəllər, problemlər yarada biləcəyi ehtimallarını ifadə eləsək də, bütövlükdə bu bəyannamənin Şuşa Bəyannaməsindən üstün qüvvəyə malik olmadığını da dönə-dönə bildirmişdik. İndinin özündə də bu qənaətdəyik ki, Şuşa Bəyannaməsi istər ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə, istərsə də xarici siyasət, xarici kəşfiyyat məsələləri, iqtisadi siyasətin daha doğru və effektiv istiqamətdə müəyyənləşməsinə zəmanət verən dövlətlərarası mühüm bir sənəddir.

Fəqət indi baş verənlər cəmiyyətdə bizə qarşı da müəyyən sualların doğurduğu səbəblər yaradır o mənada ki, izah edək görək BMT-də son səsvermədə Azərbaycan rəhbərliyi ortaya qoyduğu bu mövqe ilə respublikamızı daha çox kimin yanında – Türkiyəninmi, yoxsa Rusiyanınmı yanında tutur?! Aydınlaşdırmalıyıq ki, xarici siyasətdə nümayiş etdirilən bu mövqe Şuşa Bəyannaməsini tarix etibarilə ondan sonra imzalanan Moskva Bəyannaməsi qarşısında əhəmiyyətsizmi edib, ya yox?!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button