Ölkə içi

Qarabağdakı şirkətlərin şikayətinə rəsmi reaksiya

“Dövlət büdcəsi çərçivəsində təqdim olunmuş sifarişlər 1-2 gün ərzində icra olunur və bu günə bizdə icra olunmamış sifariş yoxdur”.

Jamaz.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən daxil olan şikayətlərə münasibət bildirərkən deyib.

“Təqdim edilmiş sifarişlər üzrə hazırda bir qəpik belə borc yoxdur. Bizim planlaşdırdığımız büdcə xərclərimiz beş ayda 103% icra olunub. Resurs baxımından dövlət büdcəsinin gəlirlərini nəzərə alaraq bizim heç bir problemimiz yoxdur. Qanunuvericiliklə daxil olan öhdəliklərin maliyyələşdirilməsində probemimiz yaşanmır. Qarabağdakı podratçılarla bağlı problem başqa istiqamətdədir. Bu, açılmış vəsaitlərlə görülmüş işlərin tam uyğun olmamasındadır. Biz keçən il qənaət olunmuş bütün vəsaitləri, təqribən 1,5 milyard manat vəsaiti əlavə olaraq sırf işğaldan azad edilmiş ərazilərin bərpasındakı tikinti işlərinə ayırdıq. Bu il təqdim etdiyimiz dürüstləşmədə planlaşdırlan məbləğin 3/2-si yenə o istiqamətdədir”, – Azər Bayramov vurğulayıb.

Nazir müavini qeyd edib ki, sifarişçi ilə podratrçı arasında münasibətlər normal tənzimlənməlidir:

“Onların gördüyü işin büdcədə nəzərdə tutulub-tutulmaması müəyyənləşdirilməlidir. Amma bizə büdcə çərçivəsində təqdim olunmuş sifarişlər dərhal bir-iki gün ərzində icra olunur və bu günə bizdə icra olunmamış sifariş yoxdur”.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev də bildirib ki, Qarabağda icraolunmamış sifariş yoxdur:

“Nəzərdə tutulan hər bir işin ödənişi edilib. Podratçı şirkətlər belə problemlərlə üzləşir və İqtisadiyyat Nazirliyinə müraciət edir ki, bizim pulumuzu verin. İnvestisiya proqramında nəzərdə tutulan işlər üzrə bütün ödənişlər edilib. Bəzən olur ki, proqramda nəzərdə tutulandan kənar işlər görülür və həmin işlər cari il üçün proqramda olmur. Sonra da podratçılar deyir ki, pulumuzu verin”.

Qeyd edək ki, deputat Elnur Allahverdiyev Qarabağda fəaliyyət göstərən şirkətlərə büdcədən ödənişlərdə gecikmələrin olduğunu və bununla bağlı narazılığın yaşandığını açıqlayıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button