Media

Strateq.az saytı fəaliyyətini dayandırdı

Strateq.az saytı martın 10-dan etibarən fəaliyyətini dayandırmaq qərarı verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə saytın baş redaktoru Elxan Şükürlü məlumat verib.

O bildirib ki, 2015-ci ilin 10 martından fəaliyyət göstərən sayt 6 ildən sonra eyni gündə yenilənmələri dayandıracaq. “Daha çox siyasi məzmunlu, analitik materiallarla görüşünüzə gələn, təsisçisi və baş redaktoru olduğum “Strateq.az” saytının fəaliyyətini qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəldik. Martın 10-dan etibarən, sayt yenilənməyəcək. Gələcəkdə fəaliyyətini bərpa edəcəksə də, mən baş redaktor olmayacam”.

O qeyd edib ki, bu 6 ildə çox az sayda olan, ancaq həddən artıq fədakar, bacarıqlı, milli-mənəvi dəyərlərimizi və həqiqi dövlət maraqlarımızı hər şeydən üstün tutan intellektual bir komanda ilə işləyib. “7 nəfərlə 70 nəfər kimi göründük! Ancaq hər kəsə sübut etdik ki, bu ölkədə təmiz adını, şərəf və ləyaqətini ayaqlar altına atmayan, reketçiliklə, şantajla məşğul olmayan, sifarişlərlə “siyasi killer”lik etməyən, “reklam dilənçiliyi” ilə müxtəlif qapılarda sürünməyən jurnalistlərimiz də var! Belə istedadlı və namuslu, zəhmətkeş jurnalistlərlə işlədiyim üçün çox şadam və onların hər birinə minnətdaram!

Bundan sonra bir kollektivdə olmaya bilərik, ancaq əsas odur ki, daha qalıcı münasibətlər – həddən artıq etibarlı, vəfalı dostlar, qardaş və bacılar qazandıq! Eyni zamanda, bu 6 ildə bizi daim izləyən sadiq oxucularımızın da hər birinə təşəkkür edirəm!

Allah doğru yolda olanlarımıza kömək olsun!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button