Media

ONUNla eşqbazlıq etmək!

İlqar Kamil 
Cami deyir, bir dəfə gördülər Məcnun oturub dənizin sahilindəki qumluqda, barmağıyla yerə Leylinin adını yazır, dərhal xırda bir ləpə (sanki qəsdən) hərəkətə keçir, ilan kimi sürünə-sürünə, sürünə-sürünə gəlir və adı silir. Məcnun kefini pozmadan, həvəslə yenidən yazır: Leyli! Ləpə yenidən öz işini görür. Ta hava qaralanacan Məcnun yazır, dəniz silir, dəniz silir, Məcnun yazır…
Görənlər yaxınlaşıb istehza edirlər: bu nə bihudə işdir tutursan, sən bilmirsən ki, sahilə yazılan yazı qalmaz? Məcnun köks ötürür: bilirəm, əlbəttə bilirəm, neyniyim, Leylinin özünə çatmayacağımdan əmin olmuşam deyə mən də beləcə adıyla eşqbazlıq edirəm.
Yadımdadı, bir dəfə cəsarətlənib xəlvətcə otaq yoldaşıma açmışdım ürəyimi, səccadə üstdəydik, ağzımız oruc, birdən dillənmişdim ki, ay qardaşım, sən Allah, bu nədi e, namaz qılırıq, oruc tuturuq, nə bilim, nələr edirik, adını da qoyuruq Allah üçün! Sən gerçəkdən düşünürsən ki, bütün bunlar Allahın vecinədi?
Halı yerində uşaqlardandı, tələsmədi, ağzındakı zikri “çeynəyib” bitirəndən sonra eynən Caminin bu hekayətini danışdı mənə, yəni, əzizim, namaz, oruc, ehsan, sədəqə… bunların hamısı əlimiz çatmayıb, ünümüz yetməyən Rəbbimizin adıyla (!) eşqbazlıq etməkdir. Bilirik axı, Ondanıq, Onun bir zərrəsiyik, əvvəlimiz də, axırımız da Odur, bəs neyləyək, necə toxunaq həqiqətinə? Sən başqa bir yol bilirsən?
Məncə, hətta Allahın varlığını inkar etməyin (oxu: ateizmin) də təhtəl-şüuru budur: onun adıyla eşqbazlıq etmək! Mömin yazaraq, ateist silərək – növü, forması mühüm deyil, yetər ki, bir üns olsun, yetər ki, bir kontakt olsun, O olsun, Onunla olsun!
Bu bizi rahatladır, hüzur verir.
Küsüb-inciməyin də fəlsəfəsini şair açmışdı axı bir dəfə!
Onun adınasa, qəribədir, sanki hər şey mənalanır, dərinləşir, durulur, həttə mübah olur.
Məsələn, Nizami yazır, gördülər, Məcnun dayanmadan bir itin ayaqlarını öpür, ay Məcnun, bu nə işdi, sən hara, it hara, indi də itə meyl salmısan? Gözləri güldü zalım oğlunun: “gah-gahi kuye Leyli mirəvəd” – nə danışırsız, sadəcə bu it hərdən-birdən Leyligilin küçəsinə gedir…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button