AraşdırmaManşet

Azərbaycan və erməni ekspertlər sülh sazişi ilə bağlı nə düşünürlər?

Rusiya nəşrləri son zamanlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanıb, bağlanmayacağı məsələsi ətrafında müəyyən müzakirələr açıb. Bu müzakirələrdə əsasən sülh sazişinin bu il üçün mümkünsüzlüyü qeyd edilir.

JAMAZ.İNFO xəbər verir ki, ritmeurasia.org saytı isə “Bakı, İrəvan, vasitəçilər və üfüqdə sülh müqaviləsi” başlıqlı məqaləsində Azərbaycan və Ermənistandan olan siyasi ekspertlərin məsələyə münasibətini öyrənməyə çalışıb.

Strateji Araşdırmalar Analitik Mərkəzinin rəhbəri Hayk Xalatyan deyir ki, Azərbaycan Qarabağla bağlı müəyyən tələblər irəli sürüb. Lakin o, Bakının İrəvanı təhdid etdiyini də iddia edib. “Azərbaycanın maksimalist mövqeyini nəzərə alaraq demək olar ki, Ermənistana qarşı gələcək hücumlar üçün müəyyən hazırlıqlar aparılır. Ona görə də sazişin imzalana biləcəyi çox şübhəlidir. Xüsusən də regionda Rusiya ilə Qərb arasında gedən geosiyasi mübarizə fonunda”.

Xalatyanın sözlərinə görə, sülh müqaviləsi o zaman imzalana bilər ki, Ermənistan hakimiyyəti hansısa geosiyasi tullanış etmək qərarına gəlsin və Azərbaycanla sülh müqaviləsi vasitəsilə Rusiya ilə münasibətlərə yenidən baxmağa cəhd etsin. “Əgər bu baş verməsə, sülh sazişinin imzalanacağını düşünmürəm. Azərbaycanda da belədir. Bakı Rusiya sülhməramlılarının Qarabağda uzunmüddətə yerləşdirilməsinin əleyhinədir. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin regionda uzunmüddətli olması məsələsi həll olunmayana qədər də Rusiya hər hansı yekun həllin tərəfdarı deyil”.

Bakı ilə İrəvan arasında münasibətlərin yeni kəskinləşməsinin mümkünlüyünə gəlincə, erməni analitikin fikrincə, bu, daha çox Ukraynadakı hərbi əməliyyatların gedişindən asılı olacaq. “Son aylarda biz gördük ki, Rusiya Ukrayna döyüş meydanlarında hər hansı çətinliklə üzləşəndə ​​bu, dərhal Azərbaycanın daha aqressiv siyasətinə gətirib çıxarır. Deməli, hər şey daha çox regionumuzdakı vəziyyətdən deyil, Ukraynadakı hərbi münaqişənin nəticəsindən asılı olacaq”.

Erməni ekspertlər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının digər vasitəçilərindən Ermənistana real və effektiv dəstəyə o qədər də ümid etmirlər. “Fransanın dəstəyi əsasən bəzi bəyanatlarla məhdudlaşır. Bir tərəfdən ermənipərəst bəyanatları ilə seçilir, digər tərəfdən isə digər həmsədrlər, Rusiya və ABŞ-dan fərqli olaraq, onun regiondakı proseslərə təsir imkanları daha azdır”.

ABŞ-a gəlincə, erməni analitikin fikrincə, Vaşinqtonun planlarına Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması da daxil olmaqla bütün məsələləri həll edən sülh sazişi bağlamaq daxildir. “Belə nəticə ABŞ-ın Rusiyanı Ermənistandan, deməli, regiondan da sıxışdırmağa kömək edəcək və Moskvaya itirilmiş mövqelərini bərpa etməyə cəhd etməyə imkan verməyəcək”.

Azərbaycanlı analitik İlqar Vəlizadə də ritmeurasia.org-a açıqlamasında yaxın gələcəkdə Ermənistanla sülh müqaviləsi imzalamağa ümid etmədiyini deyib. “İki ölkə liderlərinin bəyanatlarına və danışıqlar prosesinin dinamikasına əsasən, ötən ilin sonuna qədər sülh sazişinin imzalanacağına ümid çox az idi. Ötən ilin qeyri-müəyyənliyi bu ilə də keçib”.

O, bu vəziyyəti acınacaqlı adlandırıb və izah edib ki, sülh sazişi iki ölkə arasında münasibətləri sivil yola daşıya, qarşılıqlı tanınma və diplomatik münasibətlərin qurulmasına imkan yarada bilər. “Digər vasitəçilər də Ermənistan-Azərbaycan problemlərinin həlli üçün xüsusi canfəşanlıq göstərmilər. Onların proseslərə o qədər də təsiri yoxdur. Bəziləri situasiyaya qarışmaq istəmədiklərini, bəziləri isə kifayət qədər resurslarının olmadığını, vasitəçilərin müəyyən passivliyinin göründüyünü deyir. Bundan başqa, Ermənistan tərəfi Moskvada keçirilən son görüşə qatılmayıb. Daha sonra Paşinyan bir neçə ziddiyyətli bəyanatlar verib, sülh müqaviləsi imzalamaq istədiyini bildirib, lakin Moskva qarşısında tələblər irəli sürüb. Rusiya və Ermənistan münasibətlərindəki böhran Moskva platformasını qeyri-sabit edib”.

Vəlizadə deyir ki, Bakıda Brüssel vasitəçiliyi adlanan prosesdə də problemlər müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycanın Brüssel formatından narazılığının səbəbi Fransanın Ermənistanın mövqeyinin açıq şəkildə dəstəkləməsidir. “Bakı üçün Vaşinqton platforması fəallığını davam etdirir, lakin son vaxtlar orada da dinamika yoxdur. Yaxın vaxtlarda Vaşinqtonda heç bir görüş nəzərdə tutulmayıb. Ona görə də o formatda hər şey zəifləyib və nəticədə nəinki sülh müqaviləsi üzrə danışıqlar, həm də demarkasiya və delmitasiya məsələləri, kommunikasiylarına açılması ilə bağlı üçtərəfli komissiyanın da işi zəifləyib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button