İqtisadiyyat

Özəl sektor daha çox qazanır, bəs əməkhaqlarını niyə artırmır? – Şərh

Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda minimum əmək haqqının məbləği 300 manatdan 345 manata qaldırılıb.
 
Eyni zamanda prezidentin müvafiq sərəncamları ilə bir sıra dövlət qurumlarında çalışan şəxslərin maaşları artırılıb. Dövlət müəssisələrindən fərqli olaraq, özəl sektorda maaş artımı məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Bir çox şirkətlər gəlirlərinin azaldığını əsas gətirərək, əməkdaşlarının əməkhaqlarını artırmaqdan boyun qaçırırlar.
Jamaz.info xəbər verir ki, mövzuya münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, mövcud bahalaşmanı nəzərə alıb özəl sektorda çalışan şəxslərin də maaşları artırılmalıdır:
“Təəssüf ki, bu gün özəl sektorda hökumətin hansısa maaş təyinetmə hüququ yoxdur. Özəl sektora təsir edən yeganə məsələ hökumətin minimum əmək haqqının 300-dən 345 manata qaldırılmasıdır. Bu qərar özəl sektor üçün məcburidir. Onlar bu qaydaya əməl etmək məcburiyyətində qalırlar. Ölkədə işsizlik problemi çox olduğundan özəl sektorun maaş səviyyəsi aşağıdır. Çünki aşağı maaşa razı olmayıb işdən çıxanların yerinə dərhal namizəd tapılır. Yəni, bu, iş yerlərinin az olması ilə əlaqədardır. İnsanlar var ki, hətta 400-450 manata da işləməyə razıdırlar. Kimsə maaşından narazı olub, artırılmasını tələb edirsə, o saat işdən azad olunur və yerinə başqaları işə götürülür”.
Ekspertin dediyinə görə, əgər rəqabət güclü, iş yerləri çox olsaydı vətəndaşların da seçim imkanları olardı:
“İnsanların seçim imkanlarının məhdud olması özəl sektorda maaşların aşağı olması ilə nəticələnir. Əksər dünya dövlətlərində minimum ödəniş səviyyəsi ya saatlıq, ya həftəlik, ya da aylıq müəyyənləşdirilir. Azərbaycanda isə aylıq minimum əmək haqqına üstünlük verilir”.
Natiq Cəfərli bildirib ki, bu gün ölkədə özəl sektorda çalışan işçilərin hüquqlarını müdafiə edən institutsional şəbəkə yoxdur:
“Bütün dünya ölkələrində bunları həmkarlar təşkilatları əvəz edir. Ölkədə hər şeyi dövlətin edəcəyini gözləmək də doğru deyil, vətəndaşlar özləri də təşəbbüs göstərməlidirlər. Özləri Həmkarlar Komitəsi yarada, təşkilatlana, öz maaşları, iş yerlərinin təhlükəsizliyi ilə bağlı tələblər irəli sürə bilərlər. Özəl sektorun inkişafı yalnız bu yolla mümkündür”.
Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov da hesab edir ki, özəl sektorda orta aylıq əməkhaqqının yüksəlməsi olduqca vacibdir:
“Bir sıra sektorlarda, xüsusən neft və maliyyə sektorunda əməkhaqları yüksəkdir. Ancaq digər sektorlarda əməkhaqları elə də yüksək deyil. Ona görə də birmənalı şəkildə, bu, sektorlarda da sahibkarlar tərəfindən əməkhaqlarının artırılması məqsədəuyğundur. Bu gün özəl sektor, ölkə üzrə gəlirliyə uyğun olaraq, daha çox əməkhaqqı təklif etmək imkanına malikdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button