İqtisadiyyat

Azərbaycanın yüksək idxal rüsumları – “Bu, vətəndaşların daha çox xərc çəkməsinə səbəb olur”

İqtisadçı ekspert Rövşən Ağayev “feysbuk” hesabında  Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Azərbaycanda idxal rüsumlarının orta dərəcəsi ilə bağlı hesabatını paylaşıb. Hesabata görə, Azərbaycanda idxal rüsumlarının orta dərəcəsi 9.2% təşkil edir. Bu göstərici aqrar mənşəli məhsullar üzrə 11.1%, qeyri-aqrar əmtəələr üzrə 8.9%-dir.

“İdxal rusumunun orta dərəcəsi ilə ölkələrin inkişaf səviyyəsi arasında  əlaqə var. İnkişaf səviyyəsi yüksək olan və ya davamlı iqtisadi inkişafı hədəfləyən, dünya iqtisadiyyatına bazar qaydaları və sağlam rəqabət əsasında inteqrasiya etməyə çalışan ölkələrdə orta tarif dərəcəsi daha aşağıdır”, – deyə Rövşən Ağayev bildirib.

Ümumdünya Ticarət Təşkilatının açıqladığı rəqəmlərə əsasən, müxtəlif ölkələrdə idxal rusumunun orta dərəcəsi belədir:

İsveçrə – 1.7%

Gürcüstan – 1.7%

Norveç – 2.3%

ABŞ – 2,5%

Avstraliya – 2.5%

Avropa Birliyi – 2.9%

İsrail  – 3.1%

Ukrayna  – 3.2%

Çin – 3.4%

Türkiyə – 4.7%

Qazaxıstan – 4.8%

Rusiya – 5.5%

Ermənistan – 5.7%

Azərbaycan – 9.2%

Pakistan – 9.6%

Qana – 11%

Niger -11%

Misir – 12.4%

İran – 13%

Sierra Leone – 13,2%

Uqanda – 13,6%

Fici – 14.9%

Zimbabve  – 67,7%

“Bu, vətəndaşların daha çox xərc çəkməsinə və qiymətlərin bahalaşmasına gətirib çıxarır”

Məsələ ilə əlaqədar “Toplum TV”-yə açıqlama verən iqtisadçı Nazim Baydəmirli deyir ki, Azərbaycan idxaldan asılı olan ölkədir, amma ölkədə gömrük rüsumlarının yüksək olması, daxili istehsalı qorumaq mənasına gəlmir.

Nazim Baydəmirli – Açıq mənbələrdən götürülüb

“Əksinə, bu, vətəndaşların daha çox xərc çəkməyinə, real gəlirlərin azalmasına və qiymətlərin bahalaşmasına gətirib çıxarır. Ona görə də Azərbaycanda mallar digər ölkələrə nisbətən bahadır.  Bu monopoliya həm Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını əngəlləyir, həm də ölkə daxilində rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalını məhdudlaşdırır”, – deyə iqtisadçı vurğulayır.

İqtisad Universitenin professoru, Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov isə deyir ki, rüsumlarla bağlı statistikanın belə göstərilməsi düzgün deyil: “İqtisadiyyat üzrə rüsumların ümumi şəkildə ölkə üzrə göstərilməsi effektiv yanaşma kimi struktur təhlil nöqteyi nəzərdən qəbul oluna bilməz.Çünki ölkədə  idxal olunan məhsulların hər biri üzrə daxili istehsal potensialının və real daxili istehsal vəziyyətinin təhlili aparılmalıdır. Yəni hansısa məhsul üzrə yerli istehsalın reallaşdırılması iqtisadi cəhətdən doğrudan da qeyri-məqbuldursa, onda məhsullar üzrə rüsumlar azaldıla bilər”.

Gürcüstanda idxal rüsumu 1.7% olduğu halda Azərbaycanda nə üçün idxal rüsumu bu qədər yüksəkdir – sualına cavabında E.Məmmədov söyləyir ki, Gürcüstan rüsumların tədbiqi ilə bağlı daha çox məhdudiyyətlərlə üz-üzədir: “ÜTT-nin üzvüdür. Ona görə də  Gürcüstanda rüsumların aşağı olması təbiidir. Həmçinin Gürcüstan iqtisadiyyatı Azərbaycana nisbətən daha çox liberallaşıb”.

Elşad Məmmədov – açıq mənbələrdən götürülüb

Nazir Baydəmirli isə suala cavabında bildirir ki, Gürcüstanda şəffaf iqtisadiyyat var, Azərbaycanda isə məmur iqtisadiyyatı, məmur sahibkarlığı və monopoliya höküm sürür.

“Ona görə də daxildə istehsalçılar, həmçinin daxildə ticarətçi olan monopolist şirkətlər gömrük rüsumlarını yüksəkdə saxlamaqla, dövlətə təsir etməklə hökmran mövqelərini saxlayır və  bu da onların rahat nəfəs almalarına şərait yaradır”, – deyə o bildirib.

“Ölkədə istehsal olunmayan məhsulların üzərindən idxal rüsumu götürülməlidir”

Nazim Baydəmirli hesab edir ki, bir çox  məhsulun üzərindən idxal rüsumu götürülməlidir:

“Ölkədə idxaldan asılılığı azaltmaq üçün  iqtisadi fəaliyyəti stimullaşdırmaq, yerli istehsalı artırmaq lazımdır. Bunun üçün monopoliyasız iqtisadiyyat yaratmaq lazımdır.  Əgər ölkədə idxal olunmayan məhsullardan idxal rüsumu qaldırılsa, o zaman daxildə olan istehsalçılar xarici şirkətlərlə rəqabət apararaq daha keyfiyyətli məhsul istehsal etməyə çalışacaqlar”.

E.Məmmədovun fikrincə isə, idxal rüsumları priotet olaraq büdcə daxilolmalarına köklənməməlidir.

“Büdcənin daxilolmalarını artırırıq, ona görə də idxal rüsumlarını da artırırıq kimi yanaşma priotet hesab edilə bilməz. Bu hansısa xüsusi hallarda ola bilər. Məsələn, təcili şəkildə dövlət büdcəsinin imkanlarının genişləndirilməsinə ehtiyac olarsa, belə etmək olar. Əslində, büdcə daxilolmalarının əsas mənbəyi işgüzar fəallığın stimullaşdırılması olmalıdır”, – deyə mütəxəssis qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button