Dünya

AKP müxalifətin prezidentliyə namizədini açıqladı

Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. Bu il baş tutacaq prezident seçkilərində iqtidar düşərgəsinin namizədi artıq bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq. O, AKP və MHP-nin təmsil olunduğu Cümhur ittifaqının namizədi kimi irəli sürüb.

İqtidardan fərqli olaraq müxalifət cəbhəsi hələ də Ərdoğana qarşı dura biləcək namizədini müəyyən edə bilməyib. Ehtimal olunur ki, Ərdoğanın rəqibi “Altılı masa”dan və ya kənardan keçiləcək.

Hazırda 6 müxalifət partiyasının birləşdiyi “Altılı masa”da Kamal Kılıçdaroğlunun sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyası (CHP), Meral Akşenerin sədrlik etdiyi İyi Partiya (İYİ), Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyası (SP) və Gültekin Uysalın sədrlik etdiyi Demokrat Partiyası (DP), həmçinin AKP-dən istefa verib yeni partiyalar yaradan keçmiş baş nazir Ahmet Davutoğlunun Gələcək Partiyası və sabiq xarici işlər və iqtisadiyyat naziri olmuş Ali Babacanın Demokratiya və Atılım Partiyası (DEVA) təmsil olunur.

Türkiyə mətbuatında yer alan xəbərlərdə “Altılı masa”nın vahid namizədini fevral ayında açıqlayacağı bildirilir.

Ölkədə keçirilən rəy sorğularında, seçki ilə bağlı sosioloji testlərdə müxtəlif nəticələr əldə olunsa da, böyük ehtimalla Ərdoğanın qalib gələcəyi proqnozlaşdırılır.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım Modern.az-a açıqlamasında seçki ilə bağlı son durumu dəyərləndirib. O, müxalifətin hazırda çıxılmaz vəziyyətdə olduğunu bildirib.

Bundan əlavə, Şamil Ayrım müxalifətin vahid namizədinin CHP lideri Kamal Kılıçdaroğlu olacağını iddia edib.

“Hazırda müxalifət öz aralarında razılaşa bilmir. Altı fərqli düşüncəli insanın bir nəticə çıxarması zaman alan məsələdir. Hətta vaxt daraldıqca daha da qarışıq vəziyyətə gəlirlər. İndi müxalifət partiyalarının liderləri hamısı namizəd olmaq niyyətindədir. Hansı namizədin qalib olacağını isə hələ müəyyənləşdirə bilməyiblər. Ən güclü namizədlərini seçməyə çalışsalar da, hələ də buna nail ola bilməyiblər. 26 yanvarda yenidən iclas keçiriləcəyi gözlənilir. Burada görəcəyik ki, onlar kimi açıqlayacaqlar. Amma böyük ehtimalla Kılıçdaroğlunu namizəd kimi göstərəcəklər. Onlar açıqlamadan dəqiq bir şey demək mümkün deyil”, – AKP-nin deputatı vurğulayıb.

Qeyd edək ki, Türkiyədə keçirilən sorğuya görə, Prezident Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kamal Kılıçdaroğlu seçkilərdə ikinci tura qalarsa, Ərdoğan 47.9, Kılıçdaroğlu isə 42.4 faiz alar, hər ikisinə səs verməyəcəyini deyənlərin nisbəti isə 9.7-dir.

Onu da bildirək ki, Türkiyədən seçkilərin iyun ayında deyil, mayda keçirilməsi gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button