Dünya

ABŞ-da ‘borc limiti’ böhranı: Defolt ola bilər

ABŞ Maliyyə Nazirliyi federal hökumətin 31,4 trilyon dollarlıq borc limitinə çatması ilə əlaqədar ölkənin defolt olmasının qarşısını almaq üçün fövqəladə tədbirlər görüb.

Jamaz.info xəbər verir ki, Maliyyə naziri Canet Yellen ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkartiyə Departamentin borcun məhdudlaşdırılması ilə bağlı tədbirləri barədə məktub göndərib.

31,4 trilyon ABŞ dolları borc həddinə bu gün çatılacağının təxmin edildiyini xatırladan Yellen, Xəzinədarlıq Departamentinin bu gündən fövqəladə tədbirlər həyata keçirməyə başladığını bildirib.

Yellen, İctimai Xidmət Təqaüdçüləri və Əlillər Fonduna və Poçt Xidməti Təqaüdçü Sağlamlıq Müavinətləri Fonduna yeni investisiyaların iyunun 5-dək dayandırıldığını bildirib.

Fövqəladə tədbirlərin müddətinin qeyri-müəyyənliyə məruz qaldığını vurğulayan Yellen, ABŞ-ın “tam etimadını və nüfuzunu” qorumaq üçün Konqresə “dərhal hərəkətə keçməyə” çağırış edib.

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresi borc limitini artırmağa çağırıb, Nümayəndələr Palatasında yenicə səs çoxluğu qazanan respublikaçılar isə xərclərin azaldılmasının lazım olduğunu müdafiə edirlər.

Borc limiti məsələsi Demokratlar və Respublikaçılar arasında “bir neçə aydan sonra maliyyə böhranına səbəb ola biləcək dalana dirəniş” kimi təsvir edilib.

ABŞ Maliyyə Nazirliyinin bu gün həyata keçirdiyi tədbirlərlə bəzi pensiya fondlarının maliyyə qaynaqlarından istifadə edərək ümumi borc səviyyəsinin artmasının qarşısının alınması və federal ödənişlərin davam etdirilməsi hədəflənir.

ABŞ Maliyyə Naziri Yellen keçən həftə ABŞ Nümayəndələr Palatasının sədri Makkartiyə göndərdiyi məktubda “ABŞ-ın 19 yanvarda borc limitinə çata biləcəyi” xəbərdarlığını etmiş və Konqresi borc limitini artırmaq və ya dayandırmaq üçün tədbirlər görməyə çağırmışdı.

ABŞ-da federal hökumətin borc limiti 1997-2022-ci illər arasında 22 dəfə artırılıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button