Cəmiyyət

Keyfiyyətsiz eynəklərlə bağlı oftalmoloqdan xəbərdarlıq

Bəzən insanlar optik eynək seçimində mütəxəssis həkimlə məsləhətləşmir, sadəcə optik eynəklər satılan yerlərdən görünüşcə bəyəndikləri hazır eynəkləri alırlar.

Jamaz.info xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim-oftalmoloqu Yaqut Əşrəfova deyib.

Həkimin sözlərinə görə, bu cür eynəklərdə hər iki şüşənin dərəcəsi eyni olur: “Amma əgər şəxsdə gözlərin görmə zəifliyi fərqlidirsə, bu cür eynəklər görmə zəifliyinin artmasına, göz və baş ağrılarına səbəb ola bilər. Bir sözlə, optik eynək seçimində verilmiş özbaşına qərar əksinə sağlamlığımıza mənfi təsir göstərə bilər. Bütün hallarda eynək xəstəyə mütləq şəkildə mütəxəssis tərəfindən təyin olunmalıdır”.

Optik eynək alarkən keyfiyyət sənədinin olması məqsədəuyğundur. Çünki həmin keyfiyyət sənədində şüşənin materialı, eynəyin gözləri ultrabənövşəyi şüalardan nə dərəcədə qoruması haqqında məlumat olur. Həkim-oftalmoloq onu da bildirir ki, eynək alarkən eynəyin çəkisinə, rənginə də fikir verilməlidir:

“Belə ki, eynəyin çəkisi yüngül olduqda, həm burun sümüklərinə, həm də qulağın arxası nahiyəsinə daha az təzyiq etmiş olur. Uzaqdan görmə eynəklərinin çərçivəsinin daha böyük, yaxından görmə eynəklərinin isə daha ensiz olması da istifadəni asanlaşdırır. Keyfiyyətsiz eynək istifadəsi gözdə quruluğa, gözlərin sulanmasına, kataraktaya səbəb ola bilər, eynəyin şüşəsi çox tünd olduqda isə bəbəyin genəlməsinə, büllurun bulanmasına, görmə zəifliyinə səbəb ola bilər”.

Y.Əşrəfova optik eynək seçiminin özbaşına verilən bir qərar olmadığını, eynək təyini üçün mütləq həkim-oftalmoloqlara müraciət etməyin vacibliyini vurğuladı:

“Bunun üçün ərazi üzrə ilkin səhiyyə xidməti müəssisələrindəki sahə (ailə) həkimlərinə və həkim-oftalmoloqlara müraciət etməyiniz tövsiyə olunur. Onlar sizi zəruri tibbi müayinələrdən keçirdəcək, göstəriş olduğu halda TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər dövlət xəstəxanalarına göndəriş verəcək”.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button