Sosial

Seysmoloji Xidmət Mərkəzindən şok açıqlama: Bina tikənlər bizdən rəy almırlar!

Türkiyədə baş verən dağıdıcı zəlzələ Azərbaycanda da bəzi problemləri gündəmə gətirib.

Jamaz.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 6-da keçirdiyi mətbuat konfransında bir sıra məsələlərdən danışıb.

Q.Yetirmişli Azərbaycanda fəlakətli zəlzələnin gözlənilmədiyini qeyd edib.

Amma o, çox ciddi bir məsələnin üstünü açıb.
“2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu. İndi belə müraciətlər almırıq”, – deyən Qurban Yetirmişli həyəcan təbili çalıb.

O qeyd edib ki, müraciətlər olanda mərkəz əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər:

“Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.

Q.Yetirmişli deyib ki, 8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır. Bu zaman xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər məsələlər nəzərə alınmalıdır.

“Əgər 8 ballıq zonada bina 1 milyon manata başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri isə əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər”.

Qurban Yetirmişli binaların bir-birinə yaxın tikilməsinin təbii fəlakətlər zamanı yarada biləcəyi çətinliklərindən də danışıb:

“Birmərtəbəli binanı söküb, yerində çoxmərtəbəli bina tikirlər, amma yanğınsöndürənlərin, xilasedicilərin gəlməsi üçün yol saxlamırlar. Bu, ciddi problemdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button