Siyasət

Rusiya və Çin Zəngəzur dəhlizinin açılmasını istəyir

İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində mütləq qələbə qazanması Cənubi Qafqaz regionunda yeni reallıq yaradıb və regionda qüvvələr balansının yenidən formalaşmasına səbəb olub. Müharibənin sonunda imzalanan üçtərəfli bəyannaməyə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yeni nəqliyyat dəhlizi açılmalıdır.

Üçtərəfli bəyanatın imzalanmasından 2 il yarım keçməsinə baxmayaraq, Ermənistan üzərinə düşən öhdəlikləri hələ də yerinə yetirməyib. Səmərəli şəkildə həyata keçirilərsə, Zəngəzur dəhlizi Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynaya bilər. Dəhlizin iqtisadi potensialından istifadə edə biləcək ölkələrdən biri də onun açılmasına mane olan Ermənistandır.

Ekspertlər deyir ki, Zəngəzur dəhlizinin gələcəyi və orada təhlükəsizliyin necə təmin ediləcəyi region ölkələrinin gündəmində olmalıdır.

Jamaz.info xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan beynəlxalq iqtisadiyyat üzrə ekspert Orxan Bağırov qeyd edib ki, belə dəhlizin indiyə qədər mövcud olmaması bölgədə iqtisadi əlaqələrin tam formalaşmamasına səbəb olub.

“Ermənistanın illərlə həyata keçirdiyi işğalçı siyasətə görə kommunikasiya vasitələri bağlı idi. Sovet dönəmindən mövcud olan dəmir yolunun bağlanması region ölkələri arasında olan iqtisadi əlaqələrin tam formalaşmamasına gətirib çıxarırdı. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin açılması bütün region ölkələri üçün faydalıdır.

Azərbaycan üçün ən mühüm məsələ bu yol vasitəsilə Türkiyə ilə birbaşa quru əlaqəsinin mövcud olmasıdır. Həmçinin, Türkiyə də ölkəmiz vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə edəcək. Eyni zamanda Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki indiki situasiyada öz yüklərini daşıması üçün bu yol çox əlverişlidir. Zəngəzur dəhlizindən ən çox fayda görən ölkə Ermənistan olacaq. Çünki blokada şəraitindən qurtulmuş olacaq”, – deyə ekspert bildirib.O.Bağırov vurğulayıb ki, İranın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi Azərbaycandan Naxçıvana birbaşa əlaqənin qurulmasıdır.

“Komunikasiyanın açılması Azərbaycanın müəyyən mənada İrandan asılılığını aradan qaldırır. Ümumi olaraq Zəngəzur dəhlizinin açılması İrana da xeyir verəcək. İranla Ermənistan arasında birbaşa dəmiryolu əlaqəsi yoxdur. Zəngəzur dəhlizinin açılması həm də İrana bu baxımdan fayda verə bilər. Bu komunikasiyada maraqlı olan ölkələrdən biri isə Çindir. Çünki adıçəkilən ölkənin “Bir Kəmər Bir Yol” adlı lahiyəsi var. Həmin lahiyənin bir hissəsi Azərbaycandan keçir.

Zəngəzur dəhlizinin açılması Çinin Avropa bazarına çıxması üçün yeni vasitədir. Ümumiyyətlə, dəhliz vasitəsilə yük daşımalarının artacağı gözlənilir. Çünki Rusiya ilə bağlı olan problemlərə görə, “şimal dəhlizi” effektivliyini itirib. Alternativ yolların çoxalması adıçəkilən ölkə üçün faydalıdır. Azərbaycan orta dəhlizin əsas aktorlarından biridir. Bizim son illər apardığımız xarici iqtisadi siyasətin əsas istiqamətlərindən biri də tranzit ölkələrdən birinə çevrilməkdir. Zəngəzur dəhlizinin açılması bizim tranzit ölkə kimi potensialımızı biraz da artıracaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button