Siyasət

“Arutyunyanla Dəmirtaş arasında nə fərq var?!” – Rəşad Bakuvi

Xalqların Demokratik Partiyasının (HDP) sədri hazırda həbsdə olan Səlahəddin Dəmirtaşla bağlı Azərbaycanın icitimai-siyasi mühitində müzakirə açılması yersizdir. Bu barədə Jamaz.info-ya Azərbaycan Yüksəliş Partiyası (Ay Partiya) başqanının siyasi məsələlər üzrə müavini Rəşad Bakuvi bildirib.

Onun sözlərinə görə, Səlahəddin Dəmirtaşı az qala qəhrəman kimi təqdim etmək cəhdləri var ki, bu da təəssüf doğurur: “Səlahəddin Dəmirtaşın terror təşkilatı PKK ilə əlaqəli olduğunu, daha doğrusu, bir terror təşkilatının Türkiyə içində “siyasi qanadına” başçılıq eləməsi ilə bağlı ciddi şübhələr var. Türkiyə xüsusi xidmət və kəşfiyyat orqanlarında olan məxfi materiallar bir yana, bunu təsdiq edən xeyli sayda fotolar da var.

O zaman ortaya sual çıxır: Əgər adamın “terrorla bir əlaqəm yoxdur” deməsi yalan deyilsə, o zaman Türkiyə dövlətinin axtarışında olan terror təşkilatı rəhbərləri ilə Dəmirtaş dəfələrlə harada və hansı kanal vasitəsilə görüşərək şəkil çəkdirib?

Hər nə qədər Dəmirtaş açıqlama versə də ki, guya PKK terror təşkilatı ilə hər hansısa əlaqəsi yoxdur, guya “kürd xalqının azadlığı uğrunda” aparılan mübarizədə silahlardan istifadə yolverilməzdir, bununla kimsəni aldada bilməz. Bir də ki, Qarabağda muxtariyyət istəyən Arutyunyanla, Diyarbakırda muxtariyyət arzulayan Dəmirtaş arasında nə fərq var ki?!”

Rəşad Bakuvi Dəmirtaşın Qarabağla bağlı mövqeyini xatırladıb: “Dəmirtaş 2016-cı il aprel döyüşləri ərəfəsində açıqlama verərək bildirir ki, Dağlıq Qarabağ muxtar bölgədir. Ermənistan-Azərbaycan problemi masada çözməlidir. Maraqlıdır ki, Dəmirtaş bu açıqlamasında Türkiyəni, daha doğrusu AKP hakimiyyətini az qala münaqişəni qızşdırmaqda ittiham edir. Dəmirtaş Bakı və İrəvana çağırış edərək bildirib ki, AKP-nin “müharibə hayqırtısına” rəğmən problemi dialoqla həll edin. Əlavə şərhə ehtiyac varmı?”

AY Partiya yetkilisi əlavə edib ki, Türkiyədə “kürd problemi” ifadəsi daha çox PKK və onun “siyasi qanadı” olan “HDP”nin Türkiyə hökuməti üzərində təzyiq yaratmaq üçün istifadə elədiyi cəfəngiyyatdır:

“Sadəcə, Türkiyədə müxtəlif üsullarla aldadılaraq, hədə-qorxu gəlinərək separatizmə meyllənən və terrorçulara qoşulan “kürd”lər var. PKK terror təşkilatında silahlanaraq Türkiyə Respublikasına qarşı savaş açan terrorçuların Türkiyə Cümhuriyyətinin bütövlüyünə və dövlətçiliyinə sadiq olan kürd xalqına zərrə aidiyyatı yoxdur. Terrorun nə vətəni olur, nə də milləti. Məqsədi nə olur olsun, terror insanlıq əleyhinə yönəlmiş ən barbar cinayət aktıdır, terrorçular isə islahı mümkün olmayan ən qatı cinayətkarlardır.

Terror təşkilatı ilə əlaqələrindən dolayı həbs edilən Dəmirtaşın Türkiyə dövlətinə qarşı fəaliyyətində separatizmə ayrıca bir paraqraf açmaq olar. Xəbəriniz olsun ki, “HDP”nin keçmiş rəhbərinin Türkiyənin suveren ərazisi olan Diyarbakırda “…kürd xalqının dəstəyi ilə muxtariyyət elan edəcəkləri” barədə açıqlamaları da var. Bunu isə, qardaş Türkiyə Cümhuriyyətinin faktiki dövlət quruluşuna qarşı açıq təhdid hesab etmək olar. Yəni, adamın, buraxın terror təşkilatı ilə bağlılığını, eyni zamanda separatçılıqla məşğul olduğu da ortadadır”.

Rəşad Bakuvi onu da qeyd edib ki, Səlahəddin Dəmirtaşla bağlı müzakirələrdən istifadə ölkənin tanınan siyasi və ictimai adamlarına “vətən xaini” damğası vurmaq da doğru yanaşma deyil: “Vətən xaini” çox ağır bir damğadır. Məncə, sorğulamadan-etmədən belə kəskin yanaşmalar, hər hansısa mövzu ətrafında spekulyasiyalara yol verilib kiməsə “vətən xaini” damğası vurulması yolverilməzdir. Bu, bəri başdan siyasilər arasında normal polemika, müzakirə mühitini kökündən zədələməkdir. Həqiqətin üzə çıxarılması üçün ittihamedici tonda danışmaq lazım deyil.

Biz belə düşünürük ki, siyasi mühitdə artıq buna son qoymaq lazımdır. Hər kəsin öz fikri ola bilər, bunu arqumentləşdirməkdə azaddır. Kiminsə etirazı, əks-arqumenti varsa da, bu məsələ normal leksikonla müzakirə olunmalıdır”.

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button