Ölkə içi

Zaqatalada meşə yanğınları davam edir

Zaqatalanın Yuxarı Tala kəndi ətrafındakı 3 gündür ki, meşə yanğınları başlayıb. JAMAZ.İNFO hazırda həmin ərazidə olan “Toplum TV”-nin əməkdaşına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. 
Kənd camaatı da yanğını söndürməyə kömək edir: “Yanğın demək olar ki, söndürülüb, açıq alov yoxdur. Közərtilər yanır. Ağac sönür, sonra yenidən yanmağa başlayır. Bunun üçün sutkalıq növbətçi sistemi təşkil ediblər. Ərazi mürəkkəb relyefdə yerləşir. O ərazilərə Fövqəladə Hallar Nazirliyinin maşınları girə bilmir”.
O bildirib ki, ağaclara xeyli ziyan dəysə də, heyvan qalıqlarına rast gəlinmir. Ərazidə isə cəmi bir helikopterin olduğu bildirilir.
Kənd sakinlərindən bəziləri iddia edirlər ki, bir müddət əvvəl meşədəki ağacları kəsiblər, indi də izi itirmək üçün meşə qəsdən yandırılır.  Rəsmilərin məlumatına görə, təqribən 8-10 hektar ərazi yanıb.
FHN-nin yaydığı açıqlamada qeyd edilir ki, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğının səbəbilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Avqustun 15-də Şabranın Xəlfələr kəndinin əkin sahəsində də yanğın başlamışdı. Tezliklə əhatəsi genişlənən yanğın sürətlə rayonun Dağbilici, Mumlu, Zöhramlı kəndlərinə yayılmışdı.
Ötən ay da Quba ərazisində meşəlik bölgələrdə yanğın qeydə alınmışdı. Günlərlə çəkən söndürmə əməliyyatlarından sonra yanğının çətinliklə qarşısı alınmışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button