Media

Fədaha Əbuha!

İlqar Kamil 
O gün dostlara deyirəm ki, indiyə qədər Allah fürsət verib, xeyli söhbətlər eləmişik sizinlə, amma həyatdır də, işdir, ömür vəfa qılmasa, çox istərəm bu sözümlə xatırlayasız məni: rəhmətlik həmişə deyərdi ki, dəlicəsinə yeni sözlər, fikirlər, kitablar dalınca qaçmayın, başınıza dönüm, əksinə, bu günəcən bilib-öyrəndiyiniz şeylərin üzərində dərinləşin. Gerçək bilgi də, işıq da, həyat da, inanın, ordadı – əzbərləyib üzərindən gözü yumulu keçdiyimiz qalaq-qalaq söhbətlərdə!
Məsələn, gəlin bu axşam ta uşaqlıqdan təkrar-təkrar eşitiyimiz bir rəvayət danışım sizə: məhur hadisədir, yazırlar, xanım Fatimə (ə) toy günü öz təzə geyimini bağışlayıbmış bir ehtiyaclıya. Şad günüymüş, atası (əziz peyğəmbərimiz) ona yeni bir don alıbmış. Xanım da sevə-sevə geyinibmiş donu, sevincliymiş, xoşbəxtmiş – Əli kimi bir bəyin gəlini olacaq, necə uçmasın sevincdən!
Budur, birdən bir ehtiyaclı döyür qapısını, halı, vəziyyəti pisdi, xanımdan mədəd umur, kömək istəyir, xanım da… – nəzərə alın ki, zaman indiki zaman deyildi, aylıq-illik depozitləri olmazdı insanların – düşünür, düşünür və gözlə gəlirəm, deyir. Bir azdan gəlib səliqəylə qatlanmış donunu məmnuniyətlə, sevinclə təqdim edir yoxsula…
Bu dəm peyğəmbər təşrif buyurur evə: əzizim, bəs mən sənə yeni don almışdım axı, bəs niyə üzərində deyil? Xanım utanır, lap utanır, asır başını pak sinəsindən, dinmir. Həzrət özü öyrənir hali-qəziyyəni, İlahi, nə desin, necə təşəkkür etsin bu ali fədakarlığın qarşısında, necə boşaltsın ürəyini…
Tarix yazır, o an bircə bu cümlə çıxdı əziz peyğəmbərin qəlbindən, fərəhlə baxdı, baxdı, dedi:
Fədaha Əbuha!
(Atası ona qurban olsun!)
Sizcə, niyə bu qədər qiymətlidir bu mənəvi miras?
Peyğəmbəri belə heyrətləndirən ehtişam nədir, hardadır?
Toyu idi xanımın, ən sevincli günündə çox rahatlıqla keçə bilərdi ehtiyaclının üzərindən, heç kim də qınamazdı onu. Məsələn, deyə bilərdi ki, get sabah gələrsən, bu gün yeri deyil, bu gün belədi, elədi və sair və ilaxır. Biz olsaq belə etməzdikmi? Ən xoşbəxt günümüzdə, ən qiymətli geyimimizi çıxarıb verə bilərdikmi tanımadığımız bir yoxsula?
Məsələ budur: bütün hallarda insan ola bilmək!
Ən üstün eyforiya halında belə!
Tarixi vərəqlədikcə görürürk, o sözü deyən sonunacan haqlıdır, gerçəkdən də “ehsan həyat tərzidir Əhli-beytin”. Yaxşı hal, pis hal bilmir, xoş gün, pis gün tanımır, bütün hallarda ya Əli və bütün hallarda bismillah!
Odur, mən də yeni bir məşğələ tapmışam özümə, halım pis olanda, təzyiqim düşəndə, başım möhkəm ağrıyanda, işlərim qaydasında getməyəndə, yazım alınmayanda, nə bilim, mədəm məni göynəltidən dəli edəndə, bir sözlə, ən, ən, ən dəhşətli halımda belə insanlarla həmişəki kimi xoş və qəşəng davranmağı öyrənirəm bu günlər.
Çətindi, olduqca!
Baxın, orucluğun fəlsəfələrindən biri də bəlkə də elə budur: ackən sən kimsən? Və susuzkən və əsəbiykən?
Gün boyu çəkdiyin əziyyəti iftardan sonra hədər etməmək, orucdum, acdım deyib israfçılığına bəraət qazandırmamaq, orucunu açsan da halını iftardan sonra da davam etdirmək… nə bilmək olar, bəlkə bu ay əsl İlahi sınaq gün boyu, oruckən deyil, axşam, iftardan sonradır? Keçən il yazmışdım:
bu gün iftara püstə alıb qoyduq süfrəyə. Yeməmək üçün.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button