ManşetSiyasət

Qanusuz silahlı dəstələr Qarabağdan niyə çıxarılmır? – Rusların öz oyunu, Bakının iki yolu

Ötən ilin 10 noyabrında imzalanmış bəyanatda Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına dair maddə hələ də icra olunmamış qalıb. Bir müddət əvvəl həmin qoşunlıarın cüzi bir hissəsinin çıxarılması nümayiş etdirilsə də, proses sona çatdırılmadı.

Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları da məsələni ciddiyə almırlar. Hərçənd rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgədə erməni hərbçilərinin qalması yolverilməzdir və razılaşmanın təminatçısı olan Rusiya bunu reallaşdırmalıdır.

Bu əsnada, ermənilərin Şuşa şəhəri yaxınlığında hərbi texnika cəmləşdirdiyi və oraya əlavə qüvvələr gətirdiyinə dair məlumatlar da ortaya çıxıb. Daha doğrusu, ermənilərin həmin texnikanı yığıdıqları yerin peyk görüntüləri yayımlanıb. Lakin rus sülhməramlıları bununla bağlı hər hansı bir açıqlama vermirlər. Üstəlik, tədbir görmək kimi niyyətləri də yoxdur.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağda Ermənistan ordusunun qalması və qondarma “Qarabağ müdafiə ordusu”nun mövcudluğu 10 noyabr bəyanatı ilə uzlaşmır. 4-cü bəndin reallaşdırılması üçün Azərbaycanın bəzi addımnlar atmasına ehtiyac yaranıb. Elə bu yaxınlarda Qarabağda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev də bəyan edib ki, bəzi qüvvələr ölkəmizi müharibəyə cəlb etmək istəyir. Onun sözlərinə görə, rəsmi Bakı bundan çəkinmir və zərurət olarsa, həmin qüvvələrin hərbi yolla cavabını verəcək.

Dövlət başçısının bu açıqlamasından  anlaşılan odur ki, ermənilər Qarabağda dinc oturmaq fikrində deyillər. Onların mütəmadi olaraq, təxribatlara əl atması, 14 oktyabrda bir əsgərimizi Şəhid etmələri də bunu deməyə əsas verir. Görünən odur ki, Qarabağdakı separatçıların arasında hərbi əməliyyatların yenidən başlamasını istəyən qüvvələr az deyil. Hərçənd Şəhid xəbəri gələn gün, Azərbaycan Ordusu ərazidə lokal əməliyyatlar keçirərək, ermənilərin cavabını vermişdi.

Bəs, Ermənistan və Qarabağ separatçıları bölgədəki silahlı dəstələrini niyə çıxarmırlar? Ermənistan parlamentinin deputatı, Paşinyanın əsas tərəfdarlarından biri olan Andranik Koçaryan bununla bağlı deyir ki, Qarabağda onlara məxsus heç bir hərbi qüvvə qalmayıb. Onun sözlərinə görə, hazırda Qarabağda mövcud olan silahlı dəstələr isə qondarma “müdafiə ordusu”nun nümayəndələridir.

Koçaryan Qarabağa dəstək verəcəklərini, orada yenidənqurmanı həyata keçirəcəklərini, habelə Qarabağ ermənilərini tək burxamayacaqlarını da ifadə edib. O bildirib ki, indiyə qədər necə olubsa, bundan sonra da eyni şəkildə davam edəcəklər.

Qarabağdakı separatçıların nümayəndəsi David Babayan isə deyir ki,  Azərbaycanın ərazidəki qanunsuz silahlı dəstələrin çıxarılması ilə bağlı tələbləri onlar üçün əhəmiyyətli deyil. Onun sözlərinə görə, qanunsuz silahlı dəstələr sonadək ərazidə qalacaq. “Azərbaycan bununla bağlı Rusiyaya müraciət edəcək. Bu bizim işimizə yarayır. Çünki Rusiya bizim hal hazırda təminatçımızdır. “Müdafiə ordusu” bundan sonra moderinləşməli və güclənməlidir. Biz qoşunlarımızı Qarabağdan çıxarmaq fikrində deyilik və bu heç zaman baş verməyəcək”.

Belə olan təqdirdə, Azərbaycan tərəfi nə etməlidir? Bunun üçün iki əsas yol var. Birinci yol, məsələnin dinc şəkildə həllidir. Belə ki, rəsmi Bakı Moskvaya müraciət edərək, onlardan təminatçısı olduqları razılaşmanın 4-cü bəndinin icrasını tələb edə bilər. Bu dəfə əvvəlkilərdən fərqli olaraq, Azərbaycan tərəfi konkret tarix verməlidir. Yəni, filan vaxta qədər oradakı bütün silahlı dəstələr çıxarılmalıdır. Necə ki, Laçın, Kəlbəcər və Ağdam üçün konkret vaxt müyəən edilmişdi.

İkinci yol isə antiterror əməliyyatlarına startın verilməsidir. Düzdür, bu proses bir qədər çətindir. Ona görə ki, ortada üçtərəfli razılaşma var. Lakin bu razılaşmanın ən vacib bəndlərinən birinin yerinə yetirilməməsi Bakıya məcburi olaraq belə bir addım atmağa imkan verir.

Aydın məsələdir ki, Qarabağdakı vəziyyətin bu şəkildə qalması Rusiyanın marağındadır. Kreml bölgədə özünün maraqlarına uyğun oyunlar quraraq, bununla həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitələri yaradır. Qarabağdakı separatçılar isə onlar üçün vasitədir və marionetdən başqa bir şey deyil. Lakin bunun uzunmüddət davam etməsi də mümkün görünmür. Ona görə ki, bölgədə vəziyyətin qeyri-müəyyən qalması təkcə Azərbaycanın deyil, həm də Qafqazda möhkəmlənmiş köhnə-yeni oyunçu olan Türkiyənin də maraqlarına cavab vermir.

Fərda Uğur

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button