ManşetSiyasət

Moskvada Bakı ilə İrəvan arasında sülh sazişinə dair “Niyyət Protokolu” imzalana bilər

Xəbər verildiyi kimi, sabah Moskvada Azərbaycan Prezidenti Ilham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, təkcə may ayı ərzində ölklə rəhbərləri arasında keçirilən görüşlərin sayı ikiyə çatıb. Bundan başqa, XİN başçıları da iki dəfə görüşərək, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ətrafında müzakirələr aparıblar və bəzi razılaşmalar əldə olunub.

Sabah keçiriləcək görüşdən nə gözlənilir? İlk olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun görüşlə bağlı açıqlamasında diqqət yetirək. O deyib ki, Rusiya Ermənistan və Azərbaycan liderlərinin Moskva görüşünün səmərəli olacağını gözləyir. “Moskva nəticələrə ümid etmək istəyir. Danışıqların nə dərəcədə effektiv olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskva görüşündən öncə keçirdiyi mətbuat konfransında bəzi pozitiv açıqlamalar verib. O, anklavları qaytarmaq, habelə Qarabağı Azərbaycan ərazisi olaraq tanımağa hazır olduqlarını bəyan edib. Bundan başqa, Paşinyan Bakı ilə münasibətləri normallaşdırmaq üçün addımlar atacaqlarını da deyib.

Amma Ermənistanın baş naziri Moskvada Azərbaycanla sülh sazişinin bağlanacağını istisna edib. O deyib ki, vaxt azdır, müzakirə olunacaq bir sıra məsələlər isə qalıb. “Moskva görüşünə az qalıb. Orada hər hansı sazişin imzalanacağı real deyil. Həm də müzakirə olunacaq və razılaşdırlacaq bir sıra məsələlər var ki, zaman istəyir”.

Bir sıra mənbələrdən JAMAZ.İNFO-ya daxil olan məlumatlarda isə bildirilir ki, Moskva görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinə dair niyyət protokolu imzalana bilər. Mənbə bu protokolun gələcək danışıqlar üçün “yol xəritəsi” olacağını istisna etməyib. Həmçinin bu tərəflər arasında razılaşmanın ilkin əlaməti olaraq qəbul ediləcək.

Bildirək ki, Moskvada belə bir sənədin imzalanması məntiqli görünür. Ona görə ki, Rusiya Brüssel və Vaşinqtonda keçirilən görüşlərdən sonra prosesdən bir qədər kənarda qalıb. Üstəlik, Moskvada belə bir sənədin imzalanmasını Rusiya daha çox istəyir və bununla əsas fiqur olduğunu nümayiş etdirməyə çalışacaq. Yəni, Moskva danışıqlarda kilid ölkə olduğunu isbat etmək, onsuz münasibətlərin tənzimlənməyəcəyini nümayiş etdirmək üçün sülh sazişinə dair niyyət protokolunun imzalanmasını şərt kimi irəli sürə bilər.

Belə bir addım həmçinin təşəbbüsü Qərbdən almaq niyyəti də güdür. Çünki Rusiya Ukraynada ciddi problemlər içində olsa da, Qafqazdan çəkilmək fikrində deyil. Xüsusən də Qərbin qarşısından qaçmaq niyyətindən uzaqdır. Həmçinin Rusiya gələcək sülh sazişində onun istəklərinin də yer almasında maraqlıdır və bunu vacib hesab edir. Əks təqdirdə, Qarabağdakı rus sülhməramlı kontingentin qalması sual altına düşəcək. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa da, Rusiya iki ölkə arasında münaqişənin bitməsində maraqlı deyil. Bunun üçün zəruri olan fitnəkarlıqları da edir və etməkdə davam edəcək. Amma indiki məqamda ona lazım vacib məsələ isə Moskvada hansısa ciddi sənədin imzalanmasıdır. Bu, Rusiyanın bölgədə olmasının təsdiqi, habelə onun iştirakının “vacib” olmasını göstərmək üçün lazımdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button