AraşdırmaManşet

İran Qarabağa diversant hazırlayan qrup göndərib: SEPAH-ın planı nədir?

Xəbər verildiyi kimi, noyabrın 24-də rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağa 14 İran vətəndaşı giriş edib. JAMAZ.İNFO xəbər verir ki, qanunsuz olaraq Qarabağa keçən həmin şəxslərin kimliyi bu günlərdə məlum olub.

Qeyd edək ki, həmin şəxslərin 12-si İranın Bəllucistan vilayətinin İze şəhərindən olduğu da təsdiqlənib.

14 İran vətəndaşının Qarabağa keçməsi rəsmi Bakı tərəfindən etirazla qarşılansa da, onların təxribat-terror qrupunun olma ehtimalı əsas götürülür. Bəs, İran 14 adamını Xankəndinə niyə göndərib?

Öncəliklə Oxu.az saytının yaydığı xəbərə diqqət yetirək. Sayt yazır ki, İze şəhərində ermənilərin toplu halda yaşaması istisna deyil. Daha doğrusu, sözügedən şəhərdə ermənilərin yaşaması haqqında bu məlumatın nə dərəcədə doğru olması bir qədər müəmmalıdır. Çünki İranda ermənilərin toplu halında yaşadığı məntəqələrin sayı olduqca azdır. Bu sırada Tehran, Təbriz, İsfəhan və qismən də Urmiyə şəhərlərində yaşadıqları məlumdur. Lakin Bəllucistanda ermənilərin yaşaması faktı ilk dəfədir ortaya çıxır.

İndi isə keçək əsas suala. İran 14 nəfərlik terror-təxribat qrupunu Xankəndinə niyə göndərib? Onlar kimdirlər?

Aydın məsələdir ki, İran uzun zamandır Qarabağda öz varlığını qoruyub saxlamaq üçün ciddi cəhdlər edir. Həmçinin sözügedən problemin həllinə də mane olan tərəflərdən biri hesab olunur. 30 il işğal altında qalan Qarabağda kök salan, oradakı beton istehkamları inşa edən də Tehran molla rejimi olub. İran son Vətən Müharibəsində də Araz şayı sahillərində Ordumuzun qarşısına hərbçilər çıxararaq, ona mane olmaqla, hərbi əməliyyatları 3 gün gecikdirməsi faktı da ən üst səviyyədə təsdiqlənib.

Müharibədən sonra bir sıra planları pozulan İran, Xankəndidəki bir ovuc erməninin müqavimət göstərməsində də maraqlıdır. Hələ müharibə yenicə bitən ərəfədə İranın Xankəndinə tikinti materialları, yanacaq və digər vasitələr göndərdiyi sübut olunmuşdu. Həmin vaxt rəsmi Bakı Tehrana xəbərdarlıq etdikdən sonra proses bir qədər səngidi. Amma onun dayandığını təsdiq edəcək heç bir dəlil ortada yox idi. Bəlli idi ki, İran təxribatlarına davam edəcək və başqa formada ermənilərə dəstəyini davam etdirəcək.

Şübhəsiz, İran Qarabağdakı separatçılara silah və sursat ötürməkdən də qalmayıb. Bu silahların yüngül atıcı silahlar olduğu (minamyot, avtomat silahlar və mərmilər) da istisna deyil. Mümkündür ki, molla rejimi separatçılara başqa yeni silahlar da verib. JAMAZ.İNFO xəbər verir ki, o səbəbdən də 14 iranlının qəfil Xankəndidə peyda olması ilə bağlı bir neçə versiya irəli sürülə bilər.

Birinci versiya odur ki, 14 iranlı Qarabağ ərazisinə ötürülmüş İran istehsalı olan silahlardan istifadəni separatçılara öyrətmək üçün gəliblər.

İkinci versiya, onların separatçılara Azərbaycan Ordusuna qarşı terror-təxribat aktlarının keçirilməsi istiqamətində təlimlər keçmək üçün Qarabağdadırlar.

Üçüncü versiya isə odur ki, sözügedən iranlılar separatçılara hərbi əməliyyatlar zamanı taktiki hazırlıq da keçsinlər. Çünki indiki məqamda erməni terrorçularına bu ciddi şəkildə lazımdır.

Bəs, bu adamlar İranda hansı hərbi və ya kəşfiyyat qrupunun üzvləridir? Öncə qeyd edək ki, Bəllucistan İranın ən riskli bölgələrindən biri hesab olunur. Pakistanla sərhəddə yerləşən bu coğrafiyada uzun illərdir Bəllucların ayrılmaq üçün mübarizə apardıqları sirr deyil. Hətta Bəllucistan Azadlıq Ordusu belə qurmağa nail olmuşdular. Hərçənd bir neçə il əvvəl İran xüsusi xidmət orqanları həmin ordunun rəhbərini həbs edərək, edam ediblər. Lakin ordunun qalıqlarının qalması istisna deyil.

Bəllucistanda İran xüsusi xidmət orqanları, xüsusən də SEPAH-ın kəşfiyyat qolu bəlluc hərəkatına qarşı mübarizədə ciddi təcrübə toplaya bilib. Həmçinin SEPAH bu bölgədə əks qrupların hazırlanması, onlardan Pakistana qarşı belə istifadə etməsi üçün çoxlu əməliyyatlar da keçirib. Məhz İze şəhərindən 14 nəfərlik qrupun Qarabağa göndərilməsi də həmin təcrübədən irəli gələn haldır və erməni separatçılarının hazırlanması prosesinə də bu səbəbdən cəlb ediliblər. Üstəlik, SEPAH-ın Bəllucistanda ən böyük kəşfiyyat qüvvələri İize şəhərindəki hərbi bazada qərarlaşıb.

Birmənalı olaraq qeyd etmək olar ki, sözügedən iranlılar SEPAH-ın Bəllucistandakı hərbi bazasında çalışan kəşfiyyat-diversiya qrupunun üzvləridir. Onların Qarabağa göndərilməsi də Azərbaycan əleyhinə hesablanmış addımlardan biridir. Məqsəd erməni separatçıları xüsusi hazırlamaq, onları diversiya prosesində təcrübələrini artırmaqdır. İndiki məqamda Qarabağ ermənilərinə vacib olan əsas hazırlıqlardan biri də odur ki, Azərbaycan Ordusunun yerləşdiyi ərazilərə sızaraq, diversiya və təxribatlar törədə bilsinlər. Çünki istər müharibədən əvvəl, istərsə də müharibədən sonra diversiya-təxribat törətmək məsələsində ciddi sıxıntıları olub ki, indi həmin təcrübəni SEPAH-ın diversantları hesabına qazanmağa çaçışırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button