İqtisadiyyat

Lirənin çöküşü: Türkiyə iqtisadiyyatı çətin sınaqdan necə çıxacaq…

Seçkidən sonra Türkiyə iqtisadiyyatının vəziyyəti dünya mətbuatında ən çox müzakirə olunan mövzulardan biridir. Türkiyə milli valyutası dollar və avro qarşısında hər gün dəyər itirir. Yerli və xarici ekspertlər seçkilərdən sonra valyuta bazarında belə dalğalanmaların olacağını proqnozlaşdırırdı, lakin lirənin dəyər itirərək, tarixi minimuma enməsi vətəndaşları ciddi şəkildə narahat edir.

İyunun 7-də Türkiyə parlamentində and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayan maliyyə naziri Mehmet Şimşek qlobal maliyyə bazarlarında və beynəlxalq təşkilatlarda müsbət qarşılanan məmurlardan biridir. O, dünən sosial media hesabında paylaşım edərək ölkədə iqtisadi vəziyyətin düzəlməsi üçün səbir və zamana ehtiyac olduğunu bildirib. “Bu yolda hər kəsin dəstəyi ilə hədəflərimizə çatacağıq… Bir az səbir və zamana ehtiyacımız var”, – yeni nazir qeyd edib.

Türkiyə bu vəziyyətdən çıxmaq üçün hansı addımlar atmalıdır?

Jamaz.info xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov söyləyib ki, lirənin hazırkı vəziyyəti illərlə atılan addımın nəticəsidir. “Ümumiyyətlə, Azərbaycan da daxil olmaqla pandemiya ilə mübarizə aparan dövlətlərin hər biri fiskal və monetar siyasətə üz tutmuşdu. Monetar deyəndə bazara kifayət qədər vəsaitin daxil olması, yardımlar, fiskal dedikdə isə vergi güzəştləri və bu qəbildən olan məsələlər nəzərdə tutulur. Bunlar olduğu halda inflyasiya qaçılmaz idi. Hər birimiz bilirik ki, keçən il də, ondan əvvəlki il də inflyasiya ili kimi yadda qaldı. İnflyasiya Türkiyə iqtisadiyyatına kifayət qədər çox ziyan vurdu. Bununla mübarizə aparmaq yolları var. Bunlar iqtisadi nəzəriyyədə qeyd olunub. Qardaş ölkədə isə bu proses əksinə getdi. Belə halda ən çox istifadə olunan vasitələrdən biri uçot dərəcələrinin artırılmasıdır. Bunu etməklə iqtisadiyyat kiçilir və inflyasiya səngiyir. Türkiyə isə prosesin tam əksinə getdi”, – deyə ekspert bildirib.

F.İbrahimovun fikrincə, Türkiyə uçot dərəcələrini azaltmaqla inflyasiyanı daha da artırdı:

“Türkiyə İslam bankı sistemi ilə getməyə çalışdı. Qardaş ölkə uçot dərəcələrini daha da endirməyə başladı. Atılan addım ölkə daxilində inflyasiyanı daha da gücləndirdi. Beləliklə, lirə daha da ucuzlaşdı. Lakin, Türkiyə bütün vasitələrlə mübarizə aparsa, qısa zaman kəsiyində lirənin möhkəmlənməsini və iqtisadiyyatın yüksələcəyini görə bilərik. Bir çox mütəxəssislər qeyd edirlər ki, bu il Türkiyənin Ümumi Daxili Məhsulunda (ÜDM) artım olacaq. Biz bunu başa düşməliyik ki, artım hər ölkədə ola bilər. ÜDM-in artması ölkədə istehsalın çoxalması deməkdir. Yəni bunun sosial vəziyyətə heç bir aidiyyatı yoxdur. Düzgün vasitələrdən istifadə etməklə Türkiyə indiki vəziyyətdən çıxa bilər. Qardaş ölkənin həyata keçirdiyi siyasətin sonunda işıq görsənir. Ancaq bu halda xalq kifayət qədər səbir nümayiş etdirməlidir. Qeyd etmək lazımdır ki, hazırkı metod çox uzun və ağrılıdır. Türkiyənin inflyasiyanın qarşısını almaq imkanları genişdir”.

İqtisadçı ekspert Pərviz Heydərov isə xatırladıb ki, pandemiya turizmdən böyük gəlir əldə edən Türkiyəyə böyük ziyan vurub.

“Türkiyə lirənin sürətlə ucuzlaşmasının qarşısını almaq üçün onu yaradan səbəbləri aradan götürməlidir. Bunun səbəblərindən biri ölkəyə kapital axınının azalmasıdır. Həmçinin Avropanın və ABŞ-ın siyasi təzyiqlərinin də buna təsiri var. Yəni bu, pandemiyadan əvvəl başlayan prosesdir. Təzyiqlər ölkəyə olan investisiya axınını dayandırdı. Pandemiyanın yayılmasından sonra Türkiyənin ən çox gəlir gətirən sahəsi olan turizmə də böyük ziyan dəydi. Bu da ölkəyə daxil olan valyutanın qarşısını aldı. Pandemiyadan sonra dünyada qlobal inflyasiya prosesləri başladı və neft-qazın qiyməti qalxdı. Türkiyə də enerji idxalçılardan biri olduğu üçün inflyasiyadan kənar qala bilmədi. Həmçinin ölkədən kənara kapital axınının sürətlənməsi qardaş ölkənin iqtisadiyyatına pis təsir edib”, – deyə ekspert qeyd edib.

P.Heydərov vurğulayıb ki, Türkiyə Mərkəzi Bankı sərt pul-kredit siyasətinə keçməlidir:

“Sadalanan məqamlar Türkiyənin valyuta ehtiyatlarının qənaətbəxş olmayan vəziyyətə düşməsinə səbəb oldu. Türkiyə hazırkı vəziyyəti düzəltmək üçün ilk olaraq ölkədən çıxan kapital axınını dayandırmalıdır. Həmçinin, müxtəlif sahələrdə güzəştlər edərək investisya axınını gücləndirməlidir. Nəhayət, Türkiyə Mərkəzi Bankı sərt pul-kredit şərtinə keçməlidir. Yəni çox paradoksal bir vəziyyətdir ki, milli valyuta dəyərdən düşür, ancaq Mərkəzi Bank yumşaq siyasət həyata keçirir. Bu, təbii ki, doğru addım deyil. Əslində Türkiyə bu addımı atmaqla idxalı stimullaşdıra bilər. Lakin nəzərə almadılar ki, ölkədə yerli istehsalın özündə də bir çox komponentlər elə idxal hesabına həyata keçirilir. Çünki xammal olmasa, bu gün dünyada tanınan türk malları istehsal oluna bilməz. Belə yanlış yanaşmalar lirənin indiki vəziyyətə gəlib çıxmasına səbəb oldu. Qısacası, burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button