Dünya

Qulamhüseyn Əlibəyli: “Rusiya Ermənistana hərbi təcavüz edə bilər”

“Rusiya Ermənistana hərbi təcavüz edə bilər”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli yüksək vəzifəli Rusiya rəsmisinin ölkənin TASS dövlət xəbər agentliyinə Nikol Paşinyan “iri addımlarla Ukrayna prezidenti Volodimir Zelenskinin yolu ilə gedir” bəyanatını şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, Qərb Ermənistanı Rusiyaya qarşı addımlar atmağa vadar edir: “Amma Moskvanın Ermənistana təsir imkanları Ukraynaya təsir imkanlarından qat-qat artıqdır. Rusiya bu ölkəyə hərbi müdaxilə etməsə də, Ermənistan daxilində müəyyən qarışıqlıq yaratmaq imkanına malikdir. Düzdür, Rusiya buna qədər Paşinyanı devirmək üçün bir neçə dəfə təşəbbüs göstərib. Lakin onun bu təşəbbüsləri hələlik nəticə verməyib. Bununla belə, ölkədə Rusiyanın təsir imkanları hələ yüksək olaraq qalır. Bu mənada son günlər bəzi Rusiya rəsmilərinin Paşinyanın Zelenskinin yolunu getdiyi barədə verdiyi açıqlamalar erməni baş nazirini hədələmək məqsədi daşıyır. Ermənistanda Rusiya hərbi bazası var, sərhədlərini də onlar qoruyur. Ermənistan iqtisadiyyatı faktiki olaraq Rusiyanın nəzarəti altındadır. Ona görə də Kremlin İrəvana təzyiq etmək imkanları genişdir”.

Qeyd edək ki, Azadlıq Radiosunun erməni xidməti bildirib ki, Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində etdiyi çıxış Moskvanın kəskin reaksiyasına səbəb olub. Adı çəkilməyən “yüksək vəzifəli Rusiya rəsmisi” ölkənin TASS rəsmi dövlət xəbər agentliyinə deyib ki, Paşinyan “iri addımlarla” Ukrayna prezidenti Volodimir Zelenskinin yolu ilə gedir: “Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində etdiyi çıxışın Rusiya-Ermənistan münasibətlərinə aid hissəsini tamamilə məsuliyyətsiz və provokasiyalı kimi qiymətləndiririk. Əgər, Moldovanı 2 nömrəli Ukrayna kimi qəbul etsək, biz görürük ki, Ermənistanı 3 nömrəli Ukraynaya çevirmək istəyirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button