Ölkə içi

Talıbovun torpaq sənədləri niyə yoxa çıxdı? – “Kökünü dəyişdirirlər…” – Açıqlama

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Şirkəti” MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədlərinin itdiyi barədə məlumat yayılıb.
Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.
Guya, bununla bağlı şirkətin əlaqədar qurumlara müraciət etdiyi bildirilir.
Dalınca isə “Gəmiqaya Holdinq”in adının dəyişdirilməsi, Vasif Talıbovun bir sıra mülklərinin əlindən alınması barədə xəbərlər tirajlandı.
Belə bir vaxtda “Gəmiqaya Şirkəti” MMC-nin sənədlərinin itməsi xəbəri suallar yaradır.
Bəs şirkətin sənədlərinin “itməsi” nədən xəbər verir? Doğrudan da itərsə, bununla bağlı nə edilməlidir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az –a bildirib ki, itən sənədlərin yenidən bərpa edilməsi çox asan prosedurdur:
“Şirkətin sənədləri itibsə, bu demək deyil ki, onun mülkiyyət hüququ da itib. Onun kökü olur, gedib müraciət edirsən, həmin sənədləri bərpa edirsən.
Düşünürəm ki, həmin sənədlərin ortaya çıxarılmaması kökünün də dəyişdirilməsinə cəhddir.
Yəqin ki orada Vasif Talıbovun və ya ailə üzvlərinin adı var. Yəqin, bu informasiyanı yaydılar ki, sənədləri kökdən də dəyişərək, başqa bir adamın adına rəsmiləşdirib yeni çıxarışlar alsınlar. Bunun başqa izahı yoxdur.
Çünki bunun əhəmiyyəti də yoxdur, fiziki olaraq kağız parçasıdır. Amma onun kökü, reyestr nömrəsi, dövlət arxivində məlumatları olur. Müraciət edirsən, fiziki olaraq sənədi itirmisən, yenisini alırsan. Bu çox asan bir prosedurdur. Bunun bir xəbərə çevrilməsi, bu tipli addımların olması ən azından o şübhələri yaradır ki, təsisçilərin və ya hansısa pay sahiblərinin adları dəyişdirilsin. Çox güman ki, bu xəbərin üzə çıxması onunla bağlıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button