Siyasət
Elman Məmmədov: “Bu, Rusiyanın ərazimizdə separatçılığa, terroçuluğa verdiyi dəstəkdir”
“Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, ərazilərimizdə separatçılar, qeyri-qanuni silahlı birləşmələr, terrorçular, cinayətkarlar qalmayacaq. Onları ərazilərimizdən ya məhv etməklə, ya da kənarlaşdırmaqla təmizləyəcəyik. Bu prosesə başlanılıb və davam edəcək”. Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Ordusunun son uğurlu əməliyyatını dəyərləndirərkən, Azərbaycan Prezidenti İlham Əliyevin nəyi, nə vaxt və necə etməyi çox yaxşı bildiyini söyləyərkən deyib.
Deputat Moskvanı Azərbaycan ərazisində separatçılığı dəstəkləməkdə ittiham edib: “10 Noyabr üçtərəfli bəyanata əsasən, bu öhdəliyin icrası ərazilərimizdə müvəqqəti olaraq yerləşən rus hərbi kontingentinin üzərinə düşürdü. Ancaq onlar bu günə qədər həmin istiqamətdə addım atmayıblar. Əksinə, erməni separatçılarının mövcudluğuna şərait yaradır, onları himayə edir, təminatı ilə məşğuldurlar. Bu da Rusiya dövlətinin Azərbaycan ərazisində separatçılığa, cinayətkarlığa, terroçuluğa verdiyi dəstək kimi qiymətləndirilməlidir. Onların bu hərəkəti həm də Bakı ilə Moskva arasında 22 fevralda imzalanan müttəfiqlik sazişinə də ziddir”.