Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirildiyi bildirilir.
Səbail rayon Məhkəməsindən Meydan TV-ə verilən məlumata görə, o, mayın 26-da ev dustaqlığına buraxılıb.
Bildirilir ki, sabiq nazirin səhhəti səbəbi ilə ev dustaqlığına buraxılması ilə bağlı müraciətə baxılıb və məhkəmə müraciəti təmin edib.
61 yaşlı Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, ondan əvvəl 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri, daha öncə – 2000-2002-ci illərdə isə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Hazırda ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.
O, əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manata qədər rüşvət almaqda ittiham olunur.
Keçmiş nazirə ittiham verilən maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.