Ölkə içi

Bir vətəndaşın müvafiq reaksiyasına cavab

Vətəndaşlarımızdan biri ilə polemikada, adam, tezdəndən axşama qədər danışdıqlarımızın, başqalarından fərqli olaraq, daha aktiv, çevik, təşəbbüskar olub ortaya qoyduğumuz mövqenin şüarçılıq olduğunu iddia etməklə, real planda iş görməyin vacibliyini vurğuladı. Bunu da xüsusi əda ilə yazdı. Olsun, sevgili vətəndaşımızın ədasını, nazını, ağır kinayəsini, adamın yeddi qatından keçən lağlağasını qaldıra biləcək psixoloji hazırlığımız yaxşı səviyyədədi şükürlər olsun. Dedi iş görmək lazımdı, bacoğlu, iş! Nə gözəl! Nə möhtəşəm cümlə bu! Di gəl ki, “…tamam, əmican, razıyam, dur gəl, əl-ələ verək işləyək, real planı icra edək” dedim, ortada yoxdur. Sıfır reaksiya. İnciməsin, adamı axtarışa versəm, divanın arxasında uşaq təki gizlənmiş vəziyyətdə tapacağıma şübhə eləmirəm. Yüzminlərlə, bəlkə milyonlarla belə adamlarımız var.. Oturub ekran başında akademik, professorsayağı tövsiyələr, məsləhətlər qayırır, ancaq real iş görməyə cəsarəti yoxdur, qorxaqdırlar. Dəli olub çayı vurub keçmək zamanıdır, mənim sevgili akademik Vətəndaşlarım! Gerçək dəyişim ən əvvəl dəli bir cəsarət və güclü insani iradə, dözüm tələb edir.
Əminin haqlı ya haqsız vurğuladığı şüarı, şüarçılığı işə çevirmək lazımdı ki, biz də onunla məşğuluq, Əfəndilər. Ancaq gəlin razılaşaq ki, bu da fokus-mokusla olmur. Siyasət adamları sehrbaz deyillər, nə də ki, sehrli xalatı ilə bizi xoşbəxt gələcəyə aparan İokio Baba, yaxud əsası ilə tufan-qasırğa qoparan Göygöz Kosa! Biz siyasətçilər də xalqın içindən çıxmışıq, səhər bir şey tapanda yeyirik, tapmayanda günortaya saxlayırıq, biz də arada xaş, bu olmayanda xəngələ otururuq, vaxt tapanda nərd də atırıq, yəni, bir sözlə, İNSANıq hamı kimi, Aydan düşməmişik. Hə, ola bilər bəzi keyfiyyətlərdə üstünük və bu üstünlükləri Xalqımızın və dövlətimizin mənafeyi uğruna ümumi dividentə çevirmək arzusundayıq, fəqət bunu da təkbaşına etmək mümkün deyil axı. Hər kəs yaxasını kənara çəkib dayanacaq, orda-burda deyinəcək, qeybət edəcək, lağlağı, gözdənsalma işə düşəcək və qıraqdan mız qoymaqla, gedilən yolda daş-kəsək olmaqla ürək bulandıracaq, axırda da YEKƏ ŞRİFTLƏRLƏ yazacaq ki, bəs bilirsən, NƏ LİDER VAR, NƏ TƏŞKİLAT! İlk tövsiyəm: İNANMAYIN BELƏLƏRİNƏ! Əvvəla, XALQın özündə də bir təpər olmalıdı, başa düşməlidir ki, BU ÖLKƏ ONA MƏXSUSDUR və bu boyda respublikanı bir ovuc adama buraxmaqla böyük səhv edib. Səhvin, yanlışın yarısından dönməkdə də fayda var, ən azı bizə qismət olmadısa da, balalarımız normal bir ölkədə yaşasınlar. Anadolular demiş, toplumsal bencillik, mənəmmənəmlik bizi uçurumun ucuna gətirib çıxarıb…
Məsələn, mən bir iş adamı kimi, biznesimi də, iş-gücümü də, əlimdə olanları da riskə ataraq, xalqın və dövlətin bugünkü acınacaqlı vəziyyətilə barışmayaraq, siyasi meydana atılmışam. Ki, bəlkə insanlar üçün bir cəsarət, qorxmazlıq, HƏR ŞEYİN TƏKCƏ PUL-PARA, VAR-DÖVLƏTDƏ olmadığı nümunəsini yaradım. Bu, inanın, təvazökarlıqdan uzaq olsa da deyim ki, Azərbaycan reallıqlarında gerçəkdən ağlasığmaz bir örnəkdir, birilərinə görə, hətta dəlilikdir, nə bilim ağılsızlıqdır, halbuki başımı aşağı salıb işimlə məşğul da ola bilərəm.. Çünki siyasətə baş vurmuş minlərlə gözü çıxarılmış, varyoxundan edilmiş iş adamı qardaşımın acı taleyi var önümdə. Ancaq yox, MƏN AXI BU XALQI VƏ DÖVLƏTİ HƏR ŞEYDƏN DAHA ÇOX SEVİRƏM! Mən yox, sən yox, o yox, bu yox, biz yox, bəs kim?! Fani, ölümlü qısa həyatda bizə ancaq Xalq və Dövlət üçün görə biləcəyimiz yaxşı, faydalı işlər, ad qalacaq. Özünüzü öldürməyin dünya malından ötrü, məzar daşına da ad-soyad və doğum-ölüm tarixindən başqa heç nə yazılmır onsuz da. Mənim itirməyə az nəsnəm yoxdur, lakin heç vecimə də deyil. Heç şübhəsiz ki, itirməyə demək olar bir quru canından savayı heç nəyi qalmayan yüz minlərlə, bəlkə milyonlarla narazı, şikayətçi insan öz həyatına və gələcəyinə cinayətkarcasına biganəliyin, laqeydliyin daşını ətəyindən tökməlidir ki, arzuladığı həyata, yaşam standartlarına, müsbət nəticəyə bir yol açılsın. Yox, əgər bunu da bacarmırsa, o zaman nə etiraz eləsin, nə şikayət, başını aşağı salıb köləliyini və kasıbçılığını sürdürsün. Bu acı söhbət xətrinə dəyirsə, o zaman bir daha düşünsün, bir daha götür-qoy eləsin, yoluna mayak olacaq insanlara, liderlərə, siyasi təşkilatlara inansın, dəstək olsun..
Bir daha təkrar edirəm, yerindən qalxan, ağlı-kamalı fışqıranı da, cahili də, ictimai-siyasi proseslərin məsuliyyətini və cavabdehliyini öz üzərinə götürəcək nə siyasi təşkilatın, nə də liderin olduğu barədə çeşid-çeşid fikirlər səsləndirir, yazır-pozur, az-maz qalmış mübariz insanları belə, ruhdan salacaq balladalar, nağıllar düzüb-qoşur. Sözüm belələrinədir: BƏSDİRİN, YIĞIŞDIRIN ÖZÜNÜZÜ! Həyatını, malını-mülkünü riskə atan, hər şeyə rəğmən sinəsini irəli verən adamlara sayğı göstərmək mədəniyyəti gec-tez bu ölkədə də yaranmalıdır nəhayət, Dostlar! Zar-zor mübarizə qığılcımı yaradan insanları küsdürməyin, əksinə bacardığınız qədər onu qoruyun, çünki gecə-gündüz çarəsizliklərinizə çarə, çözüm emal edən Odur! Kimi dindirirsən liderdən, siyasi təşkilatın olmamasından gileylənir, fəqət araşdırsaq, təşkil olunan bir dənə tədbirə qatılmayıb. Razıyam, lider hər zaman yetişmir, ancaq yox deyil. Azərbaycan Yüksəliş Partiyası timsalında siyasi institut da var, Anar Esedli timsalında lider də, dostlarımızla bizim timsalımızda komanda da!. Sadəcə yaxınlaşmaq, maraqlamaq, inanmaq, əli daşın altına qoymaq lazımdır. Həyatını, ölkəsini dəyişmək istəyən insanlar əlini daşın altına qoymağı bacarmalıdırlar hər mənada, həm zehni, həm fiziki, həm maddi olaraq. Bizim insan bunların heç birini eləmir, ancaq əvəzində deyir mənim boşqabımı qabağa ver, içini də doldur, buna görə sənə sağol da deməyəcəm ha, işini bil. Bu yanaşma kökündən dəyişməlidir. Kimi dindirirsən uzaqgörən, analitik məsləhət, tövsiyə verir, ancaq deyirəm filan məsələ ilə bağlı tədbir hazırlamışıq, ölkənin ən müqəddəs, milli günü ilə bağlı, danışanda ağzınıza çullu dovşan sığışmır, gəlin birlik olaq, güc olaq, baxırsan, ağız on yerdən əyilir durur qulağın kənarında. Deyirəm, yaxşı, səbəblərin var, iştirak eləmirsən, anladım, heç olmasa təbliğati dəstək ver, paylaş, buna görə də səni güllə qabağına verməyəcəklər, bacarırsan maddi dəstək ver, çünki siyasəti pulsuz təsəvvür eləmək axmaqlıqdır, bir sürü texniki-təşkilati xərclər var, görürsən qayıdır ki, bəs bu işdə pul söhbəti olacaqdısa, day nə oldu – daha deyə bilmirsən ki, ay zavallı, bəs nə düşünmüşdün, havayı halva var?
Dünyanın hər yerində, bax, elə qardaş Türkiyədə xalqın və dövlətin ümumi mənafeyi və maraqları uğruna siyasi meydana atılan siyasi təşkilatların hamısı xalqın, vətəndaşın, iş adamlarının ianələri, bağışları, yardımları əsasında ayaqdadırlar, bir məsələ olunca da, basıb təşkilatın da, onun komandasının da, liderinin də gözünü çıxarırlar ki, nə iş görmüsüz, nə etmisiz.. Azərbaycan insanı da bunu başa düşməli, bu praktikanı vərdişə çevirməlidir ki, dəyişdirmək istədiyi ölkədə güvəndiyi təşkilatın təpəri, meydanı, efiri, əli-qolu, qan damarı, gücü olsun. Əli, Vəli, Pirvəlinin fokus-mokusla möcüzə yaradacağını gözləmək lazım deyil..

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button