Sosial
Toylarda israfçılıq: dövlət nəzarəti təmin olunacaq? – Açıqlama
Toylarda israfçılığın qarşısının alınması ilə bağlı uzun müddətdir ki müzakirələr gedir.
Hazırda bu mövzu yenidən aktuallaşıb. Belə ki, yaxın günlərdə İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, deputat Aydın Hüseynov da bununla bağlı çıxış edib. O, toylarda sifariş olunan ərzaqlarla bağlı normaların tətbiq olunmasını təklif edib.
Belə normaların tətbiqi mümkündürmü? Ümumiyyətlə, hökumət bu məsələyə nəzarət etməlidirmi? Toy menyuları necə təşkil olunmalıdır?
Jamaz.info xəbər verir ki, mövzu ilə ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vahid Əhmədov Bakupost.az -a bildirib ki, bu sahədə vergi orqanları tərəfindən yoxlamalar aparılmalıdır:
“Toylarda israfçılıq həddindən artıq dərəcədədir. Qiymətlər də kifayət qədər yüksəkdir. Toya dəvət olunan müğənnilərin yüksək qiymətə iştirak etməsi də, onlardan tutulan vergilər də əsas məsələlərdəndir. Bunlar müzakirə obyekti ola bilər. Vergi xətti ilə müəyyən tədbirlər görülə bilər. Yoxlamalar aparILa, təkliflər irəli sürə bilər. Amma bununla bağlı dövlət mexanizmi yaratmaq, bunu çərçivəyə salmaq qeyri-mümkündür. Ümumi müdaxilə birmənalı qarşılanmayacaq”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da Bakupost.az -a açıqlamasında dövlət nəzarətinin qeyri-mümkün olduğunu deyib:
“Bazar tələb-təklif aksiomu ilə formalaşır. Burada əsas məsələ insanların şüurundadır. Biri nəvəsinin universitet bitirdiyini, biri evləndiyini görmək istəyir. Yaşlıların, valideynlərin bu düşüncələri dəyişmədikcə, ağıllarından toy eyforiyası çıxmadıqca şadlıq sarayları da əcaib hərəkətlərini davam etdirəcək. İnsanlar şadlıq sarayına növbəyə durduqca onlar öz istədiklərini edəcək”.
Onun sözlərinə görə, şadlıq saraylarının iş mexanizmi də israfçılığa səbəb olur:
“Restoranlarda səs tembri, kondisionerin işləməsi, ofisiantların hərəkətləri hamısı ona yönəlib ki, insanlar tez durub getsin. Onlar toy edənin istəklərinin əksinə olaraq, öz hazırladıqları menyu və kalkulyasiya təqdim edirlər. Deyirlər, qəbul edirsən et, etmirsən, etmə. Mən övladımın toyunda plovu birinci gətirmək üçün çox əziyyət çəkdim. Şadlıq sarayları ilə bağlı illər öncə standartlar müəyyən olunub. Lakin burada israfçılıqla bağlı bir şey yoxdur. Bunların aradan qaldırılması üçün maarifləndirmə işi aparılmalıdır. İnsanlar açıq hava, palatka toylarına keçməlidir. Belə olduqda biznes üslubu da dəyişəcək”.
Qida texnoloqu Ağa Salamov isə Bakupost.az -a hazırda mövcud olan menyu sisteminin ziyanı barədə danışıb:
“Restoranlarda cürbəcür salatlar, qril, balıq və müxtəlif ət məhsulları, ardınca çeşid-çeşid kabablar, plov, daha sonra tort, dondurma, çay verilir. Bir insan nə qədər yemək yeyə bilər? Hesabladıqda adambaşına 2 kiloqramı keçir. Bir insan bu qədər yesə belə, zaldakı səs və spirtli içki nəzərə alınmalıdır. Bütün bunlar ürək-damar sisteminə ciddi təsir göstərir. Toydan sonra infarkt olanların sayı da az deyil.
Həmçinin, menyularda absurd rəqəmlərə, hətta adambaşına 200-250 manat olan menyulara rast gəlinir. Bu da pul, qida və əmək israfçılığına səbəb olur. Deyə bilərlər ki, aşpaz pul müqabilində işləyir. Lakin onun çəkdiyi zəhmət, istifadə olunan elektrik enerjisi, nəqliyyat xərclərinin hamısı israf olur”.
A.Salamov, düzgün menyu tərtibini önəmli hesab edir:
“Bu problemlərin aradan qalxması üçün qida rasionuna görə menyular tərtib olunmalıdır. Zülal və karbohidratlar nəzərə alınmalıdır. Avropada, qardaş Türkiyə adi içki, şirniyyat, yaxud barbekü, kanepelərlə toyu yola vermək olur. Bu israfçılıq qarşıda dünyanı qıtlığa sürükləyəcək amillərdən biridir, qlobal bir problemdir”.