Media

Amaşovun növbəti “şini”məsi: Jurnalist həbsinə münasibət bildirməyə vaxtı yox imiş…

Xəbər verdiyimiz kimi, sentyabrın 10-da “Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov əsassız olaraq saxlanılaraq, həbs olunub. Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasından heç bir açıqlama verilməyib, münasibət bildirilməyib.

JAMAZ.İNFO xəbər verir ki, BAKUPOST Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlayıb. Sədr açıqlamasında hazırda başlarının qurultaya qarışıq olduğunu bildirib: “Bilirsiniz ki, bu günlərdə qurultayımız olacaq. Hazırda başımız qurultaya qarışıb. Qonaqlarımız var onları qarşılayırıq. Bu məsələ ilə bağlı yəqin ki, Mətbuat Şurasının bəyanatı olacaq, ancaq indi buna vaxtımız yoxdur”.

P.S. Əflatun Amaşovdan bundan artıq münasibət gözləmək sadəlöhvlük olardı. Adam zatən, istər “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, istərsə də JAMAZ.İNFO-nun baş redaktoru Fikrət Fəraməzoğlunun qanunsuz və şərlənərək həbs olunması məsələsində lazım olan “performansı” sərgiləyib. Belə ki, Amaşov Mehman Əliyevi nümayişkaranə şəkildə, özü də televiziyanın efirindən az qala “vətən xaini” çıxarmağa cəhd etməklə yanaşı, Fikrət Fəraməzoğlu ilə də bağlı BMCMİ-yə “donos” göndərmişdi. Görünür, Əvəz Zeynallı məsələsində də eyni “performansı” sərgiləyəcək. Bunun üçün isə vaxt qazanmağa çalışır.

P.P.S. Səbəbsiz yerə Əflatun Amaşovu Mətbuat Şurasının deyil, Azərbaycan Mətbuatının Anasını Ağladanlar Şurasının sədri kimi təqdim etmirik. Adam tam olaraq illərdir bu missiyanı həyata keçirib və hazırda da mövqeyindən bir addım geri çəkilmək fikrindən uzaqlaşmayıb.

Onsuz da Azərbaycanda mətbuatla bağlı hər hansı qurum yaradılırsa, onun missiyası medianı məhv etməyə yönəlib. Vaxtıyla Əli Həsənovun rəhbərliyi altında bu missiyanı AMAAŞ həyata keçiridi. Hərçənd indi Amaşovu “şini”mə məsələsində “cibində gəzidirən”lərin sayı artıb. Elçin Sadıqov və Əvəz Zeynallının üzünə duraraq, onları şərləyənlərin kimliyini deməyə isə gərək yoxdur. Çünki hamı onları tanıyır.  

Fərda Uğur

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button