GündəmManşet

Rus sülhməramlıları Qarabağdan nə zaman çıxacaq?

Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ildə başa çatır. “”Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”.

Diplomat qeyd edib ki, Bakı bölgənin bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib: “Hazırda antiterror tədbirləri başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni tikililəri mühafizə edir”.

Qeyd edək ki, ötən gün Rusiya XİN başçısının müavini Qlazulin isə bir qədər başqa formada bu məsələyə toxunub. Daha doğrusu, onun dediklərindən belə başa düşülürdü ki, Rusiya Qarabdğakı müvəqqəti sülhməramlı qüvvələri orada saxlamaqda maraqlıdır. Hətta onun bu açıqlaması Azərbaycanda bir xeyli narazılığa və müzakirələrə də səbəb olmuşdu.

Bəzi ekspertlər isə hesab edirlər ki, Rusiya Qafqazda qalmaq, xüsusən Azərbaycanda möhkəmlənmək üçün bir çox addımlar atır. Onlardan biri də Azərbaycanda kiçik ölçüdə olmuş olsa da, hərbi kontingetnə sahiblənməkdir. Yəni, “sülhməramlı” və ya başqa bir ad altında Azərbaycanda qalmaq fikrindədirlər.

Onların rəyinə görə, hazırda aparılan danışıqlar da bu məqsədə hesablanıb. Lakin ekspertlər rusların asanlıqla Qarabağı tərk edəcəklərinə bir o qədər inanmırlar. Hesab edirlər ki, Rusiya bu prosesdə vaxt udmağa, müddəti uzatmağa çalışacaq. Hətta lazım olarsa, bununla bağlı bəzi addımlar da ata bilərlər.

Etiraf edək ki, Rusiya heç bir bölgədən xoşluqla çıxmayıb. Hər dəfə ya müqavimət, ya da dünyada baş verən geosiyasi dəyişiklik səbəbindən əraziləri tərk edib. Azərbaycan Rusiya üçün hər nə qədər strateji əhəmiyyət daşısa da, Bakının Qarabağda rus hərbçilərinin qalmasında maraqlı deyil. Hələ antiterror əməliyyatları ərəfəsində Azərbayan MN-in sülhməramlıların erməni separatçılarına yardım etməsi, onlar üçün silahlar daşımasına dair görüntülər yayması da bunu deməyə əsas verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button