Bu gün, aprelin 22-də Qarabağ müharibəsində sağlamlığını itirən bir qrup gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib. JAMAZ.İNFO Azadlıq Radiosuna istinadən xəbər verir ki, onlar, əsasən, biganəlikdən şikayətləniblər. Demələrinə görə, onları nazirliyin şöbə müdiri qəbul edib və qanunvericiliyin tələbləri onlara xatırladılıb. Şikayətçilərdən biri isə jurnalistlərə açıqlamasında deyib ki, “əgər lazımdırsa, qanunu dəyişsinlər”.
Aksiya iştirakçılarının bəziləri deyib ki, onların müalicəsində ayrıseçkiliyə yol verilir. Həmçinin, onların sözlərinə görə, problemlərinin həlli zamanı və xüsusilə də əlilliyin alınmasında süründürməçiliklə, neqativ hallarla üzləşiblər. Keçmiş döyüşçülərdən biri isə deyib ki, onlara az əvvəl “mətbuat sizə neyləyəcək” iradını tutublar və kütləvi informasiya vasitələrinə açıqlama vermələrini qıcıqla qarşılayıblar.
Daha sonra isə nazirliyin bəzi əməkdaşları şikayətçilərə yaxınlaşıb, onları nazir müavinin qəbul edəcəyi və bütün şikayətlərinin dinləniləcəyi vədini veriblər. Bundan sonra onlar qəbula yollanıblar.
Son məlumatlara görə, bu gün, aprelin 22-də Qarabağ müharibəsində sağlamlığını itirən bir qrup gənc əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini ilə görüşərək şikayətlərini ona çatdırıblar. Görüşdən məmnun çıxan etirazçıların jurnalistlərə demələrinə görə, onların tələbləri dinlənilib və problemlərinin həllinə söz verilib.
Tənqidlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.