Son zamanlar WhatsApp proqramı aktiv olan mobil telefonlara kod şifrəsi məlum olmayan bir çox nömrələrdən tanışlıq mesajları gəlir. Məsələ burasındadır ki, belə mətnlər məhz bir neçə həftə ərzində müxtəlif nömrələrə göndərilib. Bundan əlavə sayta daxil olan şikayətləri nəzərə alaraq deyə bilərik ki, məhz bu tipli mesajlar müxtəlif mobil operatorlara məxsus olan abunəçilərə də gəlib. Cavab yazdıqda isə geri dönüş olmur. Məzmun isə belədir:
“Salam. İndi danışa bilərik?
Salam, sən indi məşğulsan?”
Bəs belə mesajları kim göndərir?
Mövzu ilə bağlı mobil operatorlarla əlaqə saxladıq. “Bakcell”dən Jamaz.info-ya bildirildi ki, onlar bu məsələ ilə bağlı nəisə deyə bilməzlər:
“Biz ancaq bakcell nömrələrindən gələn mesajlara nəzarət edə bilirik. Vətəndaşlar bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edə bilərlər. Ancaq biz həmin nömrələrə nəzarət edə bilmədiyimiz üçün nəisə deyə bilmərik”.
“Azercell”dən isə Jamaz.info-ya bildirildi ki, belə mesajlardan xəbərsizdirlər və belə mətnlər “spam” ola bilər:
“Abunəçilərə tövsiyə edərdik ki, belə mesajları oxumasınlar, zəngləri isə açmasınlar. Gələn sms-lərin məzmununa görə mobil operator cavabdehlik daşımır”.
Qeyd edək ki, mütəxəssislərə görə, telefonlara gələn bəzi sms ismarıclar dərhal silinməlidir. Bu barədə “Sinerqiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.
Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların, şifrələrin olduğu mesajlara aiddir.
Bundan başqa şəxsi kabinetə daxil olmaq üçün linkləri olan SMS-lər də silinsə yaxşı olar.
“Onlar birdəfəlik istifadə üçün olsalar da, fırıldaqçılar istifadə edə bilərlər”, – deyə ekspert bildirib.
Şahanə Quliyeva