ManşetSiyasət

Bakı və İrəvan Brüsseldə nələri razılaşdırıblar? -Nikol Paşinyan məqamları açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirilmiş üçtərəfli görüşün təfərrüatlarını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, o, hökumətin iclasında Azərbaycanla aparılan danışıqlarda bəzin nəticələrin əldə olunduğunu bildirib.

“Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

Nikol Paşinyan qeyd edib ki, mayın 14-də daha bir addım atıblar. “Görüşün yekunlarına dair bəyanatda deyildiyi kimi, qeyd etdik ki, Azərbaycan Ermənistanın 29,8 min kvadratkilometr olmaqla, Ermənistan isə Azərbaycanın 86,9 min kvadrat kilometr olmaqla ərazi bütövlüyünü tanıyır”.

O deyib ki, bunu regionda sabitliyin və sülhün bərqərar olması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin yekunlaşdırılması və həmçinin sərhədlərin delimitasiyası baxımından mühüm addım hesab edir. “Amma təbii ki, növbəti addım delimitasiya üçün hüquqi qüvvəyə və əhəmiyyətə malik konkret əsasların müəyyən edilməsi və razılaşdırılması olmalıdır”.

“Qoşunlar “güzgü effekti” şəklində çəkilməlidir”

Paşinyan bu deyilənlərinə əlavə olaraq iddia edib ki, danışıqlarda müəyyən irəliləyiş olmasına baxmayaraq, Azərbaycan Ermənistanla sərhəddə eskalasiya siyasətini davam etdirir. “Əvvəlki günlərdə sərhədlərimizə atəş açılıb, itkilərimiz var. Vurğulamaq istəyirəm ki, 14 may razılaşmaları fonunda qoşunların sərhəd xəttindən qarşılıqlı, “güzgü effekti”ndə çıxarılması, sərhəd xəttinin demilitarizasiyası daha aktuallaşır”.

O daha sonra iddia edib ki, Laçın dəhlizi qeyri-qanuni şəkildə bağlanıb. “Bu, Azərbaycanın eskalasiya siyasətinin növbəti təzahürüdür və bu, Qarabağda, Laçın dəhlizində beynəlxalq mövcudluğun qanuni zərurətini bir daha ortaya qoyur. Biz bu mövzunu bütün beynəlxalq tərəfdaşlarımızla müzakirə edirik”..

“Əsirlər məsələsində razılaşmışıq”

Ermənistanın baş naziri Brüsseldə erməni deiversantların və digər saxlanılan şəxslərin sonrakı azadlığa buraxılması, itkin düşənlərin taleyinin aydınlaşdırılması ilə bağlı müəyyən anlaşma əldə etdiklərini də qeyd edib. “Lakin məsələnin həssaslığını nəzərə alaraq onu deyim ki, qarşıdakı görüşlərdə də bu mövzuda müzakirələr davam etdiriləcək”.

“Növbəti görüşlər Kişnyov, Qranada və Brüsseldə olacaq”

“Qeyd etməliyəm ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində görüş gözlənilir. Ermənistanın xarici işlər naziri artıq gedib. Biz Rusiya tərəfindən Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə mayın 25-də Moskvada ən yüksək səviyyədə üçtərəfli görüşün keçirilməsi təklifi almışıq. Biz o təklifi qəbul etdik. İyunun 1-də Avropa siyasi ictimaiyyətinin ikinci sammiti çərçivəsində Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə beştərəfli görüş planlaşdırılır. Belə beştərəfli daha bir görüşün də oktyabrda Qranadada keçirilməsi planlaşdırılır. Brüsseldə növbəti üçtərəfli görüşün iyulda keçirilməsi planlaşdırılır”.

“Bakı və Xankəndi arasında dialoq olmalıdır”

Paşinyan daha sonra qeyd edib ki, Brüsseldə keçirilən görüşün yekunlarına dair bəyanatda beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində Qarabağda yaşayan ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı Bakı və Xankəndi arasında dialoqun vacibliyi vurğulanıb. “Bu, Azərbaycanla münasibətlərin real və hərtərəfli həlli və regionda davamlı sülhün bərqərar olması üçün vacib olan prosesdir. Ona görə də bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını xeyli sürətləndirəcək”.

“Azərbaycan-Ermənistan avtomobil yolu məsələsində müsbət anlaşma olub”

“Vurğulamalıyam ki, Brüsseldə Ermənistan-Azərbaycan sürətli avtomobil yolunun yenidən qurulması ilə bağlı müəyyən müsbət anlaşma formalaşıb. Lakin əvvəlki təcrübəni nəzərə alaraq, bu hissəyə hər hansı diqqət yetirməkdən çəkinəcəyəm. Bir daha vurğulamaq istərdim ki, Ermənistan Respublikası 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və yenidən 11 yanvar 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılmasını tərəflərin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsipləri çərçivəsində həyata keçirməyə hazırdır”. JAMAZ.İNFO qeyd edir ki, bu sözlər də Ermənistanın baş nazirinə məxsusdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button