Bu gün siyasi cameədə bir çoxları o düşüncədədirlər ki, Qərb “Zəngəzur Dəhlizi”nin açılmasında maraqlı deyil. Hətta bəziləri bunun tam əleyhinə olduqlarını belə iddia etməkdən çəkinmir. Lakin Qərb mediasında nəşr olunan, xüsusən də çəkili analitiklərin məqalələrindən belə anlaşılır ki, vəziyyət tam əksinədir.
“National Interest” jurnalı bu yaxınlarda ABŞ Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi, Rusiya və post sovet məkanı üzrə ən yaxşı analitiklərdən biri olan Stiven Blankın məqaləsini dərc edib. Müəllif məqaləsində Ukraynadakı müharibə fonunda “Zəngəzur dəhlizinin” təcili açılmasında israrlı olduğunu qeyd edib.
Blank qeyd edir ki, Cənubi Qafqazdakı son sərhəd toqquşmaları Ukraynadakı daha çox səs-küylü hadisələri az qala kölgədə qoydu. Onun sözlərinə görə, 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra ən şiddətli olan Azərbaycan və Ermənistan arasında yenidən başlayan hərbi əməliyyatlar qlobal əhəmiyyət kəsb edir. “Bu iki ölkə arasında davam edən sülh danışıqları indi təhdid altındadır və buna görə də dünya bazarının asılı olduğu hər iki ölkə vasitəsilə təhlükəsiz tranzit əlaqələri indi təhdid altındadır”.
Eyni zamanda, müəllif vurğulayıb ki, hazırda Ermənistan Rusiyadan yan keçərək, Avropa ilə Asiya arasında əsas yeni nəqliyyat yolunun tikintisinə əngəl törədir. O hesab edir ki, Ermənistan hətta öz dövlət maraqlarına və təhlükəsizliyinə ziyan vurmaqla belə, “Qərbin dostu” olduğunu sübut etməlidir. “Ukraynadakı müharibə səbəbindən tranzit marşrutları artıq təhlükə altındadır. Enerji, ərzaq və ticarət mallarının tədarükündəki ciddi fasilələr bütün dünya iqtisadiyyatlarında seysmik şoklara səbəb olub. Moskvanın “Şimal axını 1” qaz kəmərinə çıxışını kəsməsindən və Qərbin sanksiyaları bütün dünyada ən əsas ərzaq məhsullarının qiymətlərini artırdıqdan sonra Avropa qazının qiymətləri kəskin şəkildə qalxır. Məhz bunun fonunda Ermənistan artıq Avropa ilə Asiya arasında mühüm yeni nəqliyyat marşrutunun – Zəngəzur dəhlizinin tikintisini gecikdirə bilməz. Uzun müddət müzakirə olunan, lakin hazırda Ermənistan tərəfindən bloklanan bu dəhliz Azərbaycanın cənub-qərb sərhədindən Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan anklavına, oradan da Türkiyəyə və onun hüdudlarından kənara çıxacaqdı. Bu, Rusiyadan yan keçə biləcək bir neçə Şərq-Qərb ticarət yollarından birinin itkin halqasıdır. Əgər Ermənistan həqiqətən də onun böyük diasporunun iddia etdiyi kimi Qərbin dostudursa, o, danışıqlar masasına qayıtmalı və dərhal dəhlizin açılmasına icazə verməlidir”.
Onun sözlərinə görə, Ermənistan “2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının bir hissəsi kimi dəhlizin açılmasına sadiqdir”. “Lakin bu müqavilənin şərtlərinə əsasən, Rusiya dəhliz üçün cavabdeh olaraq qalırdı – bu, gələcək maxinasiyalar üçün təhlükəli presedentdir. Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin ötən ilin dekabrında Ermənistan və Azərbaycanla üçtərəfli danışıqlardan sonra elan edilmiş düsturuna daha çox üstünlük verilir. Mişelin planı hər bir ölkəyə dəhlizin öz ərazisindən keçən hissəsinə nəzarət etməyə imkan verəcək və üçüncü tərəflərin manipulyasiyasına yer qoymayacaq. Təəccüblü deyil ki, Aİ müəyyən müvəffəqiyyətlə danışıqları yenidən müzakirə etməyə və Moskvanın vəziyyəti manipulyasiya etmək cəhdlərinə mane olmağa çalışır”.
Blank yazır ki, Rusiyadan yan keçərək təhlükəsiz “cənub dəhlizi” axtarışı yeni deyil, lakin qlobal geosiyasətdə mövcud vəziyyət aktuallığın yeni səviyyəsini diktə edir. Onun sözlərinə görə, nəzəri cəhətdən ən asan nəqliyyat yolu İrandan keçməlidir. “Bununla belə, ABŞ-ın sanksiyaları və İran dəmir yollarının xroniki maliyyələşdirməsini nəzərə alsaq, bunu təhlükəsiz və ya etibarlı variant kimi görmək çətindir. Bu, həll yolu kimi Cənubi Qafqazı göstərir”.
Müəllifin fikrincə, son illərdə müxtəlif amillər regionu tranzit halqa kimi gücləndirib. “Türkiyə, Gürcüstan və Azərbaycan arasında uğurlu əməkdaşlıq Avropanı həyati əhəmiyyətli Xəzər qazı və digər resurslarla təmin edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Cənub Qaz Dəhlizi boru kəmərləri kimi yeni əlaqələrin yaradılmasına səbəb olub. Qazaxıstan və Özbəkistan kimi keçmiş sovet respublikaları Rusiyanın blokadasına cavab olaraq, Azərbaycan üzərindən yanacaq və mal göndərməyə başlayanda bu təşəbbüs daha da inkişaf etdirildi”.
Eyni zamanda o, etiraf edir ki, Cənubi Qafqaz marşrutundan istifadənin mənfi cəhətləri də var. “Məlum əlamətlər Rusiyanın növbəti müdaxiləsi təhlükəsini göstərir. Rusiya TŞ-nin sədr müavini Dmitri Medvedevə aid edilən, Qazaxıstan və Gürcüstanı “süni” yaradılış adlandırdığı postu bunun sübutudur. On dəqiqə sonra mesaj silinsə də, ittiham “hakerlər”in üzərinə qoyuldu, bu, yalnız Rusiyanın mümkün gələcək niyyətlərinə dair şübhələri təsdiqlədi. Ona görə də Gürcüstandan keçən dəhliz nə uzunmüddətli investisiyalar üçün etibarlı həll yolu, nə də Rusiyanın müdaxiləsindən tamamilə təcrid olunmuş marşrut ola bilməz”.
Amerikalı analitik daha sonra qeyd edir ki, ən yaxşı həll yolu Bakıdan Türkiyənin şərq vilayəti olan Qarsa və İranla sərhəd yaxınlığında Ermənistan ərazisindən keçən strateji nəqliyyat marşrutunun bir hissəsi olan Zəngəzur dəhlizidir. “Zəngəzur dəhlizi Sakit və Atlantik okeanları arasında ən qısa quru nəqliyyat marşrutuna çevriləcək”.
Sonda Blank qeyd edib ki, bu, Ermənistan üçün də faydalıdır: “Ermənistan qlobal təchizat zəncirinin çatışmayan halqasını açmaqdan böyük fayda əldə edəcək. Lakin İrəvan öhdəliklərini rədd etməyə cəhd edir. Qərblə ortaqlığa söz verən Eermənistanın xarici siyasət reallığı isə fərqlidir. Ermənistan Rusiyanın ən yaxın müttəfiqlərindən və asılılarından biri kimi möhkəm kök salıb və bu, ölkə rəhbərliyi üçün ciddi siyasi dilemma yaradır. Ermənistan Zəngəzur dəhlizinin qarşısını almaqda davam etməklə, Moskvanın dünya iqtisadiyyatını boğaraq ələ keçirmək ssenarisinə yardımçı olur”.
Bundan əlavə, müəllif bildirir ki, populist anti-Türkiyə və anti-Azərbaycan ritorikası qonşuları ilə münasibətləri normallaşdırmaq üçün erməni siyasətçilərinin istifadə etdiyi məkanı daraldıb. Onun fikrincə, indi Ermənistanın ABŞ və Avropadakı güclü diasporunun qəti şəkildə iddia etdiyi kimi, Qərbin dostu olub-olmaması barədə qərar vermə vaxtıdır. “Əgər belədirsə, o zaman Azərbaycanla sülh danışıqlarını bərpa etməli və Zəngəzur dəhlizinin açılmasına kömək etməlidir. Rusiyanın qlobal tədarük yollarının blokadası şəraitində, Şərqdən Qərbə malların daşınması üçün bir neçə səmərəli həll yolu var. Onların arasında ən optimalı kimi Zəngəzur dəhlizi seçilir”.