TƏBİB-dən virusa yoluxanlarla bağlı əhaliyə çağırış
“Soyuq ayların daxil olması ilə bərabər ölkə ərazisində kəskin respirator virus infeksiyalarına yoluxmalarda kəskin artım müşahidə edilir”.
Jamaz.info xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xəstəlik əsasən azyaşlı uşaqlar arasında yayılıb:
“Xəstəlik şiddətli qızdırma, öskürək, boğaz ağrısı, halsızlıq kimi uzun müddət davam edən əlamətlərlə özünü biruzə verir. Ekspertlərin fikrincə, bu il qrip xəstəliyinin ağır keçməsi və uzun müddət davam etməsinin əsas səbəbi ondan ibarətdir ki, son 3 il ərzində COVİD-19 pandemiyası dövründə əhali kəskin respirator virus infeksiyaları ilə çox az təmasda olduğundan xəstələnmə və yoluxma halları kəskin aşağı düşüb. Bununla əlaqədar da orqanizmin viruslarla mübarizə qabiliyyəti zəifləyib. Ümumiyyətlə, 2022-ci ilin 22 noyabrında ÜST-ün Avropa regionu qrip pandemiyası elan edib. Dekabrın 1-də ÜST-ün yaydığı bəyanatda əhalinin həm qripə, həm də koronavirusa qarşı vaksinasiya olunması, o cümlədən gigiyena qaydalarına əməl etmələri tövsiyə edilib”.
Nəzrin Mustafayeva evdə müalicə aparanlara da tövsiyələr verib.
“Xəstəliyin müalicəsi əsasən ev şəraitində aparılır. Bol maye qəbulu, yataq rejimi, sağlam qidalanmaya riayət edilməlidir. Ehtiyac olduğu təqdirdə simptomatik müalicə metodlarına müraciət etmək olar. Simptomatik müalicə qızdırma salan, öskürək əleyhinə dərmanlar və vitaminlərdən istifadədir. Lakin bir çox hallarda müşahidə edirik ki, xəstələr həkimə müraciət edənə qədər antibiotiklərdən, virus əleyhinə dərmanlardan, ev şəraitində sistemlərdən, venadaxili müdaxilələrdən istifadə edirlər. Bu da xəstəliyin daha da ağırlaşmasına, orqanizmin viruslarla mübarizə qabiliyyətinin düşməsinə səbəb olur. Əhalini bu cür yanlış müalicə metodlarından istifadə etməməyə çağırırıq. Vəziyyətin ağırlaşdığını görürlərsə, həkimə müraciət edə bilərlər”.(modern)