Cəmiyyət
Lavrov müzakirə edir: Qaçqınların Xankəndiyə qayıdışı
Asif Nərimanlı
Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə qaçqınların Qarabağ və ətraf rayonlara qayıdışı məsələsini müzakirə edib.
Lavrovun Qrandi ilə bu məsələni müzakirə etməsində Moskvanın iki marağı var:
1. Qərbə Dağlıq Qarabağ münaqişəsinin onun vasitəçiliyi ilə həll edildiyinin və artıq humanitar məsələlərin gündəmdə olduğunun mesajını verir;
2. Bakıya üçtərəfli razılaşmaların bütün bəndlərinin icrası ilə bağlı praktiki addımlar atıldığını göstərir: bunun Əliyevin Putinə zəngindən sonra baş verməsi xüsusilə diqqət çəkir;
Bu müzakirənin Bakının istəkləri və maraqları kontekstində üç mühüm məqamı var.
Birincisi, Əliyevin Putinə zəngində üçtərəfli razılaşmalarla bağlı tələbləri qəbul olunub: məsələ bütün bəndlərin icrasını sürətləndirməkdir və ardınca Putinin Paşinyana, sonda isə Ərdoğana zəngi də bu fikri gücləndirir;
İkincisi, qaçqınların qayıdışı məsələsinin gündəmdə olması “münaqişənin artıq bitdiyi” tezisinə uyğundur;
Üçüncüsü, bu, qaçqınların sülhməramlıların nəzarəti altındakı ərazilərə (Xankəndi, Xocalı və Xocavənd) də qayıdışının aktual olduğundan xəbər verir;
10 noyabr razılaşmasının 7-ci bəndində qeyd olunur ki, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”.
Bu bəndin icrası iki mərhələdə həyata keçirilə bilər:
– Ətraf rayonlar bərpa edilməlidir: Azərbaycan öz gücünə bu istiqamətdə addımlar atır, lakin əsas əngəl ərazilərin mina xəritələrinin tam əldə olunmamasıdır. Ətraf rayonlara qayıdış üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı prosesə qoşulursa, bu, Ağdamdan sonra digər ərazilərin mina xəritələrinin alınması məsələsində BMT-nin də iştirak edə biləcəyi fikrini önə çıxarır;
– Sülhməramlıların nəzarətindəki bölgəyə qayıdış üçün bir neçə məsələ həll edilməlidir: erməni qoşunları bölgədən çıxarılmalı, (razılaşmanın 4-cü bəndi), separatçı rejim ləğv edilməli, bu bölgələrdə Azərbaycanın idarəçiliyi və ermənilərlə azərbaycanlıların birgəyaşayışı təmin olunmalıdır;
Qarabağa qaçqınların qayıdışı ermənilərin də keçmiş DQMX ərazisinə – Şuşaya, Hadruta qayıdışını da gündəmə gətirə bilər, lakin bu proses iki şərtlə mümkündür:
1. İşğal dövründə Qarabağa yerləşdirilən ermənilər qayıda bilməz: Azərbaycanın SSRİ dövründəki arxivlərində bölgədə yaşayan ermənilərin statistikası və kimliyi mövcuddur;
2. Ermənilər yalnız Azərbaycan vətəndaşlığı altında yaşaya bilər;
Əsas risk rus sülhməramlılarının da ermənilərlə birgə bölgədə nəzarət traektoriyasının genişlənməsidir, hərçənd, Bakı bu risklərə qarşı məsələni kökündən həll etmək istiqamətində siyasi xətt tutub: sərhədlərin bərpa edilməsi, yekun sülh müqaviləsinin imzalanması, beləliklə, Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıması;
Əliyevin Ermənistana “Dağlıq Qarabağ ifadəsini ümumiyyətlə işlətməmək” şərti də proseslərin inkişafını öncədən müəyyən etmək məqsədi daşıyır. Ermənistanda seçkidən sonra prosesləri sürətləndirməyi planlaşdıran Bakının seçkidən öncə Şuşa Bəyannaməsini imzalaması isə üçüncü ölkələrin – Rusiyanın yaradacağı risklərə qarşı “qala qurmaq” strategiyası idi.
Risklər, əngəllər, problemlər zaman-zaman ortaya çıxacaq, əsas olan siyasi iradənin mövcud olması və Qarabağa – sülhməramlıların nəzarətindəki bölgələrə qayıdış prosesinin “ölü nöqtədən” tərpənməsidir.