ManşetSosial

Qazilər etiraz edirlər: “Haqsızlıq edirlər, əlillik dərəcəsini 4000 manata satırlar”

Bu gün, iyunun 29-da bir qrup müharibə iştirakçısı medallarla təltif edilməmələrinə etiraz olaraq, əlillik və mülaicə problemləri ilə bağlı Müdafiə Nazirliyinin binası qarşısında aksiyası keçirib.

Aksiya iştirakçıları əsasən Füzuli, Cəbrayıl, Xocavəndin azad edilməsində iştirak etsələr də, iyunun 26-da Silahlı Qüvvələr Günündə ölkə prezidentinin imzaladığı sərəncamda adlarına rast gəlməyiblər. Etirazçıların bəziləri veteran statusu ala bilməməsindən, müalicəyə göndərilməməsindən, əlillik statusu verilməsi zamanı rüşvət tələb edilməsindən narazıdır.

“Veteran statusu vermirlər. Eyni taqımda qulluq etmişik. Birinə medal verirlər, birinə vermirlər. Şikayət edirik, baxan yoxdur”, deyə etirazçılardan biri bildirib.

“Mən Füzuli, Cəbrayıl, Xocavəndin azad edilməsində iştirak etmişəm. Medala təqdim etməyiblər. Müdafiə Nazirliyi deyir hərbi hissə adımı medala təqdim etməyib, hərbi hissədən isə deyirlər təqdim ediblər, problem Müdafiə Nazirliyindədir. Qalmışam ikisinin arasında”, deyə digər etirazçı bildirirb.

Etirazçılardan biri medala təqdim edilmək üçün insanlardan rüşvət tələb edildiyini deyib.

“Füzuli, Xocavəndin azad edilməsi, “İgidliyə görə” medala təqdimat verilib. Amma medalımı vermirlər. Müharibə iştirakçısına medal vermirlər. Medala görə 500-1000 manat pul alıb verirlər”, deyə etirazçı qeyd edib.

“Mən müharibə vaxtı taqım komandirinin müavini olmuşam. Ehtiyata əsgər kimi göndəriblər”, deyə aksiya iştirakçısı qeyd edib.

Bir etirazçı deyib ki, “döyüşlərdə yaralanmışam, deyirlər döyüşdə olmamışam”. “Kəşfiyatçı olmuşam. Mən özümü raqatqa ilə vurmuşam, yaralanmışam”, deyə etirazçı rişxənd edib.

Etirazçılardan biri deyib ki, döyüşdə yaralanıb, amma veteran statusu ala bilmir. Əlimin yarısını itirmişəm. Üç barmağımı itirmişəm. Medal vermirlər, əlillik ala bilmirəm. 44 gün döyüşmüşəm”.

Gizir Sərxan Abbasov deyib ki, 3-cü Ordu Korpusunun Murovdağ briqadasında xidmət edir. O, “Kəlbəcərin azadlığı uğrunda” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.

“Yaralandıqdan sonra əllilik dərəcəm təyin edilənədək orada hərbi qulluqdayam. Murovdağ istiqamətində döyüşmüşəm, orada yaralanmışam. Müdafiə Nazirliyi problemlərin araşdırılması üçün komissiya yaradıb. Amma həmin komissiyanın fəaliyyəti yoxdur. Murovdağ istiqamətində döyüşən hərbçilərin də problemləri var. Sadəcə hərbi xidmətdə olduqlarından problemlərini çatdıra bilmirlər. Komissiya insanlarla görüşüb problemlərini araşdırmalı və qərarlar qəbul edilməlidir”.

Vasif Həsənov sual edib ki, “necə olur, bizim hərbi hissə komandiri medal alır, amma döyüşən qazi qardaşlarımız medal almır?”.

“Azərbaycan Ordusu Sədərk ticarət mərkəzinə dönüb. Harasa getmək üçün bir qoyun gətirərsən deyirlər. Bizim hərbi hissə, korpus komandirləri qazilərin, şəhidlərin hesabına hərbi rütbə alırlar, amma gəlib bir şəhidin, yaralının qapısını açmırlar. Bizə o qədər kin bəsləyirlər ki, istəyirəm özümü öldürəm. Mən könüllü getmişəm. Burada komandirlərim var. Əgər döyüşməmişəmsə, desin döyüşməmişəm. Biri Qarabağ haqqında muğam oxuyur, 1500 manat təqaüd alır. Biri Mingəçevirdə istirahət edir, medal alır. Biz qazilərə, yaralılara isə 250 manat təqaüd verirlər. Onu da vermirlər. Deyir ver bank kartın 3 ay məndə qalsın, təqaüdünü verim”, deyə o qeyd edib.

Bu zaman digər etitrazçı deyir ki, döyüşlərdə ayağından yaralanıb, hazırda ayağından çirk axır. ““Papanin” hospitalında (Hərbi hospital – red.) əlillik dərəcəsi vermək üçün 4 min manat istəyirlər”, deyə etirazçı qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button