ManşetSiyasət

Rusların təklif etdiyi sülh sazişində nələr var? – Lavrov bəzi detalları açıqladı

“Hələ 2012-ci ildə Rusiya təkliflər vermişdi. Əgər onlar qəbul olunsaydı, Dağlıq Qarabağ problemi birdəfəlik həll olacaqdı”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin dövrdən Qarabağın statusunu sonraya qədər təxirə salan konsepsiya ortaya çıxdı. “Konsepsiya çox sadə idi: ermənilər Qarabağ ətrafındakı beş Azərbaycan rayonunu tərk edərək, Ermənistanı Qarabağla birləşdirən iki rayonu və bu iki rayonun taleyini müəyyən etməyi sonraya saxlayırdılar. Təbii ki, həmin rayonlar da Azərbaycanın idi, bunu kimsə mübahisə də etmirdi. Amma həmin iki rayonun taleyinə Qarabağın statusunun təyini ilə birlikdə aydınlıq gətiriləcəkdi. Məhz o zaman statusun sonraya saxlanılması anlayışı ilk dəfə ortaya çıxdı. Və sonra o, obrazlı desək, sonrakı nəsillər üçün nəzərdə tutulmuşdu. Sonra 2020-ci ilin payızında müharibə oldu, o, ilkin təmaslar mərhələsində dayandı. Üçtərəfli bəyanatlar hazırlanarkən, Rusiya Federasiyası Prezidentinin iştirakı ilə üç üçtərəfli sammit – ikisi Moskvada, biri Soçidə keçirildi. Sonra da siyasi prosesə hansısa formada başlamaq zərurətindən danışdılar və belə bir anlayış var idi ki, Qarabağın statusu sonraya təxirə salına bilər. Və bundan çıxış edərək, Rusiya yazda tərəflərə təhvil verilən sülh müqaviləsinin öz variantını tərtib etdi və bu ifadə orada yer aldı”.

Lavrov bildirib ki, Azərbaycan tərəfi demək olar ki, hər şeyi dəstəkləməyə hazır olduğunu bildirib. “Lakin status məsələsi daha da işlənməlidir. Oktyabrın sonunda Soçidə keçirilən görüşdə isə biz bu məsələyə qayıtmaq və anlamaq istəyirdik ki, tərəfdaşlarımız hansı tərəfin sənədi əsasında hərəkət etməyə, bütün məsələləri həll etməyə, Qarabağın statusunu sonraya buraxmağa razıdırlar. Ancaq prezident Əliyev və baş nazir Paşinyan Soçiyə gələndə BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq sülh müqaviləsi imzalamaq istədiklərini əks etdirən həmin sənədi Praqadan gətirdilər. MDB-nin yaradılması ilə bağlı Alma-Ata Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni dövlətlər arasında sərhədlər SSRİ-nin ittifaq respublikaları arasındakı sərhədlərə əsaslanacaqdır. Dağlıq Qarabağ Muxtar Vilayəti də birmənalı olaraq Azərbaycan SSR-in tərkibinə daxildir. Bu müqaviləni imzalayanda erməni həmkarlarımız bizə dedi ki, qoy, Rusiya Federasiyası Qarabağın statusu ilə bağlı təkliflərini təsdiq etsin. Yəqin, özünüz başa düşürsünüz ki, bu, bir az hazırkı danışıqlar mövzusu deyil, başqa bir mövzudur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button