Sosial
“Biləsuvar feodal qaydalarla idarə olunur”
“Biləsuvarda internetin adı var, özü yoxdur. Az qala insanlar göyərçinlər vasitəsi ilə xəbərləşir. Bu vəziyyət rayonda adi hal alıb, insanlar texnologiyadan əlini üzüb”. JAMAZ.İNFO xəbər verir ki, bunu ictimai fəal, rayon sakini Nihad Cəbrayıl “Arqument.az”a yazıb.
O bildirib ki, rayon feodal qaydalarla idarə edilir: “Biləsuvarda 21-ci əsr – 2021-ci il, yüz il sonra gələcək. Bu o deməkdir ki, internet üçün yüz gözləməli olacağıq. Düşünə bilirsiniz, vətəndaşların şikayətləri ilə bağlı heç bir aidiyyatı qurum vətəndaşları dinləmir, saymır, adam yerinə qoymur. Yəni bir rayon düşünün ki, Tanrı da unudub oranı”.
O, yazısında yerli məmurların da fəaliyyətinə toxunub və onların yarıtmaz fəaliyyətinə ironiya ilə yanaşıb. Həmin şəxslərdən biri də Biləsuvar Rayon Telekommunikasiya Qovşağı İdarəsinin rəisi Xalid Rüstəmovdur.
Nihad Cəbrayıl yazır ki, internet problemi rayonun mərkəzi küçələrindən olan “Azadlıq”, “Baba Xammədov”, “Heydər Əliyev” küçələrində və ümumi rayon ərazisindədir.
Biləsuvar Rayon İcra Hakimiyyəti, Telekommunikasiya Qovşağı şikayətə münasibət bildirməyib.