Siyasət

Zərdüşt Əlizadə: “Qarabağda qısamüddətli antiterror əməliyyatları olacaq”

Azərbaycan 44 günlük müharibə ilə bölgənin nizamında əsaslı dəyişikliklərə nail ola bildi. Bölgənin siyasi mənzərəsi tam dəyişdi. Lakin regionda hələ də həll edilməyən problemlər mövcuddur. Bir çox suallar isə açıq qalır. Məsələn, Azərbaycan-İran münasibətlərinin gələcək taleyi proseslərə birbaşa təsir edə bilər? Son dövrlər Qarabağda yenidən fəallaşmağa cəhd edən separatçıların təxribatları nə ilə nəticələnəcək? Dünyanın əsas diqqət mərkəzində olan Rusiya-Ukrayna savaşı nə zaman və hansı şəkildə bitəcək? Qaynarinfo bu və digər suallarla tanınmış siyasi ekspert, politoloq Zərdüşt Əlizadəyə müraciət edib. Politoloqun müsahibəsini təqdim edirik:

– Zərdüşt bəy, bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan-İran münasibətlərində yaşanan gərginlik hər iki ölkənin maraqlarına ziddir. “Soyuq savaş”ın aradan qalxması üçün nə etmək lazımdır? Son zamanlar münasibətlərdə istiləşmə hiss edilir. Münasibətlər əvvəlki məcrəya yönəlir, yoxsa…?

– İran-Azərbaycan münasibətləri həmişə ziqzaqvari olub. Münasibətlər gah gərginləşib, gah da istiləşib. Mövcud gərginlik də daimi deyil. Düşünürəm ki, bir müddətdən sonra gərginlik aradan qalxacaq. Bu gərginliyin aradan qalxması iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərəcək. Azərbaycanla İran arasında qarışılıqlı maraq doğuran məsələləri həll etmək mümkün olacaq. Fikrimcə, İranla Azərbaycan arasında ədavətə ehtiyac yoxdur. Buna görə də süni şəkildə gərginləşdirilmiş münasibətlər əvvəlki məcraya qayıtmalıdır. Bu, vurğuladığınız kimi, hər iki ölkənin maraqlarına cavab verir.

– İran mətbuatı Tehranın Azərbaycana qarşı qıcığının səbəbini rəsmi Bakının Qərbə həddən ziyadə açıq diplomatiya ilə bağlayır. Sizcə, Azərbaycan Qərbyönümlü ölkə hesab edilə bilərmi?

– Hesab edilə bilməz. Azərbaycan dövlətinin əsas məqsədi ərazi bütövlüyünü təmin etməkdir. Əgər, Qərb standartlarını qəbul etsək və birmənalı Qərbyönümlü siyasi kurs götürsək, çox qaydalar dəyişə bilər. Qərb standartlarına baxış məsələsində rəsmi Bakının yanaşması fərqlidir. Azərbaycan Qərb dövləti deyil, siyasi-sosial davranışlarımız fərqlidir. Sadəcə, iqtisadi maraqlar Bakını Qərbə istiqamətləndirir. Ümumi inkişaf, perspektiv Qərblə əməkdaşlığı zəruri edir. Lakin bu, birmənalı Qərbə yönələn kurs deyil. Şərq və Qərb arasında manevrlardır. Daxili siyasətlə xarici siyasət kursunda da təzadlar mövcuddur. Azərbaycanı Qərbin təsir dairəsində olduğunu söyləmək mümkün deyil. Bu, dərin mövzudur və bir çox amillər nəzərə alınaraq cavablandırıla bilər.

– Azərbaycan Qarabağ problemini əsasən həll edə bildi. Lakin sərhəddə son günlər yenə də atəş səsləri eşidilir. Separatçılar ya nə istədiklərini bilmir, ya da onlara edilən güzəştlərlə razılaşmırlar. Bəlkə də yenə də revanşistləri qızışdırırlar. Proseslərin sonu hara doğru gedir? Sərhəddə yeni bir anti-terror əməliyyatı keçirilə bilərmi? Bölgəni yeni bir müharibə gözlənilirmi?

– Açığı, qısa müddətli bir əməliyyatın olacağını istisna etmirəm. Çünki ermənilər beynəlxalq hüquq normalarını saymır, Azərbaycanın hüquqlarını tanımaq istəmirlər. Onlar vurnuxur, vaxtı uzadırlar. Bunun da son nəticəsi yeni bir hərbi fəallığın başlanğıcı ola bilər. Düşünürəm ki, yeni bir hərbi əməliyyat olacaq. Çox güman ki, bu, qanunsuz erməni hərbi birləşmələrinin təmizlənməsi ilə bağlı anti-terror əməliyyatı olacaq.

– Çoxları düşünür ki, Cənubi Qafqazda sülhə Rusiya-Ukrayna savaşının nəticələri təsir edəcək…

– Bu maharibənin Moskvanın qələbəsi ilə bitməsi Rusiyanın daha da fəallaşmasına, Cənubi Qafqazda öz iradəsini nümayiş etdirməsinə gətirib çıxara bilər. Düşünmürəm ki, Rusiya tam məğlub olacaq. Çünki Rusiyanın Ukraynaya nisbətdə imkanları daha genişdir. Əhalisi, ərazisi, hərbi gücü daha çoxdur. Burada başqa bir amil var – Rusiya xalqı. Onlar öz mənafeyini dərk etməyən kütlədir. Kütləni də Putin məharətlə idarə edir. Odur ki, bu müharibə uzana bilər. Rusiyanın məğlub olması ehtimalı azdır. Əgər hansısa ikinci plan olmasa, Rusiya uzun müddət müharibə aparmağa hazırdır. Bu isə yeni qan deməkdir.

– Lakin bəzi beynəlxalq analitiklər Putinin məğlub olduğunu, bunu qəbul etmədiyini, buna görə də hələ də bu müharibəni davam etdirdiyini düşünür. Siz necə düşünürsünüz, Putin məğlub olduğunu yavaş-yavaş qəbul edirmi?

– Düşünmürəm ki, Putin məğlub olub. Bunu deməyə bir çox əsaslar var. Qərb bir çox sanksiyalar tətbiq etsə də, hələ də Rusiyadan çəkinir. Çünki Rusiya gücünü itirməyib. Müharibədəki üstünlük ruslardadır. Rusiyanın nüvə silahı var, hərbi gücü var, əhalisi Ukraynadan 4 dəfə çoxdur. Qərb ölkələri isə Ukraynaya dəstək olduqlarını göstərsə də, zəruri silahları verməyiblər. Onlar Ukraynaya lazım olan hərbi ləvazimatları “çay qaşığı” ilə məhdud sayda verirlər. Bütün bu sadalanalar da savaşın hələ uzanacağına işarədir.

Günay İlqarqızı

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button