“Müdafiə Xətti”: “Qarabağ mitinqlərinə görə həbs olunanların azad edilməsini alqışlayırıq”
“Bu ilin iyulunda Qarabağın azadlığı və Orduya dəstək yürüşü ilə bağlı həbs edilmiş şəxslərdən daha 15 məhbusun ev dustaqlığına buraxılmasını alqışlayırıq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər Müdafiə Xətti Təşkilatının yaydığı bəyanatdandır.
Təşkilat bildirir ki, bu addımı da əvvəlki kimi həmin şəxslərin pozulmuş hüquqlarının bərpası yönündə atılmış əhəmiyyətli addım kimi dəyərləndirir və cinayət işinin hərtərəfli, tam və obyektiv aparılacağına, həmin şəxslərə bəraət veriləcəyinə ümid edir. “Müdafiə Xətti ümid edir ki, Qarabağa və Silahlı Qüvvələrə dəstək yürüşünə görə tutulmuş bütün şəxslərlə bağlı ibtidai istintaqdakı pozuntular, inkommunikado, işgəncə, qeyri-insani rəftar və ləyaqəti alçaldan davranışlar barədə faktlar diqqətlə araşdırılıb, hüquqi qiymətini alacaqdır”.
Müdafiə Xətti həmçinin ümidvar olduğunu bildirib ki, məhkəmələr açıqlıq, ittiham və müdafiə tərəflərin bərabərliyi standartlarına uyğun keçiriləcək, məhkəmənin yalnız ittiham tərəfinin təqdim etdiyi sübut və şahidlərə əsaslanması təcrübəsindən imtina olunacaqdır. “İnanmaq istərdik ki, Qarabağ yürüşünə görə 1 il müddətinə azadlıqqdan məhrum edilən (Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) AXCP üzvü Məhəmməd İmanlının apellyasiya şikayətinin baxışı tezləşdiriləcək, ona da bəraət verilərək azadlığa buraxılacaqdır”.
Təşkilatın bəyanatında deyilir ki, arabağ və Orduya dəstək aksiyasına görə tutulanların ev dustaqlığına buraxılması mühüm prosesin başlanğıcı olacaq, Qarabağ qaziləri olan siyasi məhbuslar, digər siyasi məhbuslar da tezliklə azad edilərək ailələrinə və cəmiyyətə qovuşacaqlar. “Belə qərarların ölkədə ədalət, siyasi barış və həmrəylik, hüququn aliliyi yönundə atılmalı olan mühüm addımların başlanğıcı olacağına inanırıq”.