İsa Qəmbər məhkəməyə müraciət edəcək: pensiya məsələsinə görə
“Azərbaycan parlamentinin sabiq spikeri İsa Qəmbərə 180 manat pensiya təyin edilib. İsa Qəmbər qanunvericiliyə əsasən, güzəştli şərtlərlə pensiya alan şəxslər kateqoriyasına aid olsa da, onun bu hüquqdan istifadəsinə imkan verilmir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri açıqlamasında İsa Qəmbərin vəkili Nemət Kərimli deyib.
O qeyd edib ki, “Əmək pensiyası haqqında qanun”a görə, güzəştli şərtlərlə pensiya alacaq şəxslərin dairəsi müəyyənləşdirilib. Bu siyahıya 1990-cı ildə deputat seçilən şəxsləri daxil etməyiblər: “Məqsəd isə vaxtilə parlamentdə demokratik blokun üzvü olmuş şəxslərin sabiq deputatlar kimi güzəştli pensiya almamağıdır. Lakin qanunda bir cümlə də var ki, keçmiş Ali Sovetdə vəzifə tutmuş şəxslər güzəştli kateqoriyaya aiddir. İsa Qəmbər isə Ali Sovetin sədri olub və güzəştli şərtlərlə pensiya almalıdır. Biz müraciət etdik və iki aydan sonra cavab aldıq. Yazılı şəkildə bildirdilər ki, qanun keçmiş deputatlara şamil edilmir. Halbuki, İsa bəy əslində güzəştli şərtlərlə Milli Məclisin sədrinin maaşının 80 faizi həcmində pensiya almalıdır. (Hazırda Milli Məclisin sədri 2475 manat maaş alır-red.).
Hələlik biz bu cavabdan sonra İsa bəylə məsələni müzakirə edə bilməmişik. Görüşüb, məsləhətləşəndən sonra böyük ehtimalla məhkəməyə müraciətimizi göndərəcəyik”.