Ölkə içi

Xankəndində qapalı görüşlərin nəticəsi: separatçılar xilas yolunu tapmır

Qarabağdakı separatçı-terrorçu rejim daxilində gözlənilən “istefa dalğasının” dayandığı görünür. Qondarma “dövlət naziri” Ruben Vardanyanın istefaya göndəriləcəyi, ardınca Araik Arutyunyanın gedəcəyi, yeni “seçkilər”in olacağı haqda məlumatlar var idi. Lakin dünən Xankəndində separatçıların keçirdikləri görüşlərdən sonra məsələ açıq olaraq qaldı.

Jamaz.info xəbər verir ki, erməni mənbələr Arutyunyanla Vardanyanın razılıq əldə etdiyini yazır.

Separatçıların arasındakı mənbə “Hraparak” nəşrinə bildirib ki, Ruben və Araik arasında əvvəlcə narazılıq olmayıb. Əksinə, Araik Rubenin “yolunu açmaq” üçün hər şeyi edib.

“Hətta Vitali Balasanyanı da Vardanyanın istəyi ilə uzaqlaşdırdı. “Vito” (Vitali Balasanyan-red) hesab edirdi ki, xilas yolu Azərbaycanla ikitərəfli danışıqlara getməkdir. Onun bu mövqeyi oyundan çıxarılması ilə nəticələndi. Lakin Paşinyan Vardanyanı qəbul etmir, Araikdən onun uzaqlaşdırılmasını tələb edir. Araik Rubenə təklif etdi ki, hər ikisi istefa versin, yeni “seçkilər”ə getsinlər. Vardanyan bunu qəbul etmədi. Məsələ Bako Saakyan və Arkadi Qukasyanla (separatçıların keçmiş başçıları) müzakirə olundu. Onlar bildirdilər ki, yeni “seçkilər” məsələsi rejimin tamamilə sıradan çıxması ilə nəticələnə bilər. Vardanyan Arutyunyanın münasibətlərinin pisləşməsi də bundan sonra başladı. Çünki Ruben anladı ki, Araik onu Nikolun istəyi ilə göndərmək istəyir”, – mənbə bildirir.

Nəşr yazır ki, Arutyunyanın son vaxtlar psixoloji vəziyyəti pisdir: “Ermənistan hakimiyyəti təzyiqlərini dayandırmır, Araik isə onların bütün tələblərini yerinə yetirə bilmir. İstefa ilə bu vəziyyətə son qoymaq qərarına gəldi. Lakin müzakirələrdən sonra fikrindən daşındı. Vəziyyəti yoluna qoyan da Bako Saakyan olub. Gecə yarısı qapalı görüşlər keçirildi, yekunda “istefa qərarları” dayandırıldı. Vardanyan da öhdəlik götürüb ki, Paşinyanı daha tənqid etməyəcək. Bir şey dəqiqdir ki, Xankəndində siyasi böhran yaranıb və hazırki halda məsələ yoluna qoyulsa da, böhran həll edilməyib”.

Hazırda separatçı rejim çətin vəziyyətdədir. Laçın yolundakı aksiyanın yaratdığı təzyiq dalğasından sonra siyasi böhranın da yaranmış qondarma rejimin xilas yolunu tapa bilmədiyini göstərir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button