İlham Əliyev sülh sazişindən danışdı: “Bir sıra təkliflər irəli sürmüşük”
“Biz təklif etdik ki, sərhədlərimizin delimitasiyası və demarkasiyasına başlayaq. Əfsuslar olsun ki, bu məsələ də öz cavabını tapmayıb”.
“AzərTac”-ın noyabrın 4-də verdiyi məlumata görə, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
“Biz gələcəyə nəzər salmalıyıq. Mənə elə gəlir ki, hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq”, – deyə Prezident vurğulayıb.
İlham Əliyev sülh sazişi ilə bağlı Ermənistana bəzi təkliflərin irəli sürüldüyünü bildirib: “Biz indi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Əfsuslar olsun ki, bu məsələ də öz cavabını tapmayıb”.