Fransa mediası Bakıya şər atmaqda davam edir: İndi də “Charlie Hebdo” “işğal” mahnısı oxuyur
Fransanın məşhur “Charlie Hebdo” jurnalı Qarabağla bağlı məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, məqalə “Ukrayna müharibəsi Ermənistan və Qarabağ ətrafındakı təhlükəni dünyaya unutdurub” sözləri ilə başlayır.
Nəşr hesab edir ki, indi ermənilərin xeyrinə səfərbər olmaq həmişəkindən daha vacibdir. “Bu həyəcan nidası və hərəkətə çağırışdır. Rusiyanın hücumu altında Ukraynanı dəstəkləyəcəklərinə söz verən oxucular Kiyev uğrunda müharibənin kölgəsində Ermənistanın və Qarabağın günü-gündən yoxa çıxmasına səbəb ola biləcək cinayətin baş verməsinə imkan verməyəcəklər”.
“Charlie Hebdo” daha sonra yazır ki, Türkiyəni Xəzər dənizi və Mərkəzi Asiya ilə birləşdirəcək geosiyasi planın həyata keçirilməsində Ermənistan və Qarabağ Türkiyə və Azərbaycanın yolunda maneədir. “Türkiyə və Azərbaycan əvvəlcə, Qarabağı, daha sonra isə Zəngəzuru işğal etmək istəyirlər”.
JAMAZ.İNFO bildirir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da özünün “Twitter” hesabında “Charlie Hebdo” jurnalını sərt tənqid edib. “Siz Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni 30 illik hərbi işğalı zamanı yaratdığı təhlükəni unutmusunuz. İndi isə Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda, siz hansı təhlükədən danışırsınız?”
P.S. Fransa bütün imkanlardan istifadə edərək Qafqaza yerləşməyə çalışır. Onun üçün yeganə qapı Ermənistandır. Burada Fransadakı erməni diasporunun rolu var, lakin geosiyasi anlamda diaspora “çərəz” rolunu oynayır. Yəni, Paris həmin diaspora olmasaydı belə, Ermənistana yerləşmək üçün lazım olan addımları atacaqdı.
Bu gün “Charlie Hebdo”, “Le Monde” kimi qəzet və jurnalların davamlı olaraq Azərbaycan və Türkiyəni qaralaması, tənqid və ittiham etməsi də bununla bağlıdır. Və bu Paris hakimiyyətinin dövlət siyasətinin tərkib hissəsi, dünya ictimaiyyətinə yalan sırımaq cəhdidir.
Əvvəla, Qarabağ Azərbaycan ərazisidir və orada Bakının yuridiksiyası təmin olunmalıdır. Hətta Fransa belə tərkibində Qarabağ olan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Belə olan halda, Azərbaycan öz ərazisini necə “işğal” edə bilər? “Charlie Hebdo” jurnalında çalışanlar deyəsən anlamırlar ki,işğal başqa bir ölkənin ərazisini güc yoli ilə zəbt etmək deməkdir.
İkincisi, Azərbaycan heç bir vaxt Ermənistan ərazisini işğal etmək fikrində olmayıb və olmayacaq. Zəngəzur məsələsi isə İrəvanın üzərinə götürdüyü öhdəlikdir və oradan nəqliyyat dəhlizi keçməlidir. Rəsmi Bakının hazırda Ermənistandan tələb etdiyi də həmin dəhlizin açılmasıdır. Bu gün İrəvan şərtləri pozaraq, məsələdən boyun qaçırırsa, məsələnin diplomatik yolla həlli imkanları tükənərsə belə, Azərbaycan yenə də bu ölkənin ərazisinə girmək niyyətində deyil. Əgər belə bir niyyət olsaydı, bunun üçün yetərli qədər imkanlar olub və yenə də var.
Bir sözlə, “Charlie Hebdo” və Fransa mətbuatı açıq qərəzlə məşğuldurlar. Onlar yalan və böhtan xarakterli məlumatlar yayaraq, Azərbaycanı “işğalçı” kimi göstərməyə çalışırlar. Üstəlik, ortada bir cinayət varsa, o da Qarabağdakı terrorçuların törətdikləri əməllərdir. Çünki onlar mülki şəxsləri girov saxlayır, Azərbaycanı parçalamağa çalışır, qanunsuz silahlı dəstələr saxlayırlar. Əəgər Fransanın hansısa əyalətində buna bənzər hər hansı hadisə baş verərdisə, Paris hökuməti necə davranardı? Hələ Əlcazair Fransanın ərazisi yox, müstəmləkəsi idi ki, orada baş verən qətliamlar və soyqırımlar bu gün də müzakirə mövzusudur.