Elektron qolbaqların tətbiqi qaydaları dəyişdi
Nazirlər Kabineti “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişiklik edib.
Jamaz.info xəbər verir ki, elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişikliklər edilib.
Edilən dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbi müəyyən edilib.
Eyni zamanda, elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib.
Yeni hallar aşağıdakılardır:
– barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə;
– barəsində həbs növündə qətimkan tədbiri seçildikdə;
– nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.