Aydın Əliyev: “Azərbaycanda pandemiya bitib, əhalini qorxutmağa əsas yoxdur”
“Bizim ölkəmizdə Covid-19 pandemiyası bitib. Heç bir panikaya, karantin qaydalarının tətbiqinə, sərtləşdirilməsinə, yeni karantin qaydaları tətbiq edərək insanları cərimələməyə və qorxutmağa əsas yoxdur. Xüsusən də insanları yenidən maska geyinməyə məcbur etmək və buna görə cərimələmək yolverilməzdir”. JAMAZ.İNFO xəbər verir ki, bunu tanınmış həkim Aydın Əliyev deyib.
O bildirib ki, yoluxma sayının artmasının heç bir təhlükəsi yoxdur. “Çünki virus mutasiyaya uğradıqca öldürücülük qabiliyyəti demək olar ki, sıfırlanıb! Əhali 15 000 000 civarında 3 doza peyvənd edilib. Rəsmi statistikaya görə təqribən 1 000 000 civarında insan yoluxub sağalıb, qeyri-rəsmi isə yəqin ki, təxminən bundan 3-5 dəfə daha çox insan, yəni təqribən-3 000 000-5 000 000 insan yoluxub sağalıb. Covid-19 artıq mövsümi qrip kimi keçirilir. Əks halda gərək hər gün qripə, su çiçəyinə və digər yoluxucu xəstəliklərə yoluxanların da sayı açıqlansın”.
Aydın Əliyev deyib ki, gündəlik statistikada göstərilən ölüm sayı əsaslandırılmamış göstəricidir. Onun sözlərinə görə, insanın hansı xəstəlikdən dünyasını dəyişdiyini təsbit etmək üçün dəqiq patoloji anatomik müayinə aparılmalıdır. “Yəni meyid təşrih edilməlidir, bütün orqanlardan nümunələr götürülüb tədqiq edilməlidir. Bizdə covid-19 testi müsbət olduğu halda vəfat edən şəxslərdə bu müayinələr aparılırmı? Xeyr. Aparılmır. Aparılmadığı halda bütün ölkəyə belə bir statistikanın göstərilməsi məsuliyyətsizlikdir. Ona görə də statistikada göstərilən ölüm sayı qətiyyən həqiqəti və reallığı əks etdirmir”.
Həkim onu da bildirib ki, nə qədər elmə, məntiqə, həqiqətə istinad etməyəcəyik və bunların sübutunu tələb etməyəcəyik, o vaxta qədər də əzab-əziyyət çəkəcəyik.