
Əli Əliyevin həbs cəzası artırıldı
Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə APA məhkəmədən xəbər yayıb.
Bildirilir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Əli Əliyevə bu işə görə 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Onun əvvəlki cəzaları birləşdirilib və ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Prosesdə xüsusi ittihamçı Ramiz Göyüşov iştirak etməyib.
Bir neçə ay əvvəl sosial şəbəkələrdə yayılan videoya görə Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub.
Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
Əli Əliyev həbsini siyasi sifariş sayır. O deyir ki, hakimiyyətlə razılaşmaya getmədiyi üçün ondan qisas alırlar.
Yerli hüquq müdafiəçiləri də Əli Əliyevi siyasi məhbus hesab edirlər.