Media
Xədicə İsmayılovanın şərti sınaq müddəti başa çatdı
Araşdırmaçı jurnalist Xədicə İsmayılova 2016-cı ildə şərti cəza ilə həbsdən buraxılarkən ona təyin olunmuş 5 illik sınaq müddəti mayın 25-də başa çatıb.
O zaman Ali Məhkəmənin jurnalistə təyin etdiyi sınaq müddəti 3 il 6 aylıq şərti cəzadan daha çox idi.
Sınaq dövründə jurnalistin ölkədən çıxışına qadağa və bir sıra başqa məhdudiyyətlər var idi.
Onların aradan qaldırılması üçün sənədləşmə məsələləri ilə əlaqədar Xədicə İsmayılova mayın 25-də Probasiya Xidmətində olub. Lakin sənədləşmə məsələsi başa çatmayıb: “Dedilər ki, sabahda-birigündə sənədlər hazır olar…”
Jurnalistin sözlərinə görə, ötən 5 il ərzində hər ay Probasiya və İcra Xidmətinə gedib-gəlmək məcburiyyətində qalıb.
Xədicə İsmayılova ölkədən çıxışına məhdudiyyətin aradan qaldırılması üçün bir neçə dəfə məhkəməyə müraciət etsə də, təmin olunmamışdı.
Xədicə İsmayılova 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilib.
Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Lakin Ali Məhkəmə Cinayət Məcəlləsinin 179 və 308-ci maddələrilə ittihamlara xitam verib, cəzanı da dəyişib.
Ali Məhkəmə qalan iki madə ilə ona 5 il sınaq müddəti olmaqla, 3 il 6 ay şərti cəza təyin edib.
Sonradan qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin işinə yenidən baxıb və şərti cəzanın müddəti 2 il 3 aya endirilib.
Sınaq müddəti isə 5 il saxlanıb.
meydan.tv